QURANDAN MƏKTUB VAR!
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olur.
(Həcc 46)
Oxu, təfəkkür, idrak, fərqindəlik ayı olan Ramazanda qəlbimizlə düşünmək üçün 30 günlük bir səfərə başlayırıq. Bu səfərdə hər gün bir ayənin işığına toplaşıb, iftar süfrələrimizi ruhumuzu və qəlbimizi qidalandıraraq açmağa niyyətləndik. Kamil kəlmələrdən qəlbimizin sakini etməyə niyyətləndiyimiz ilk günün ayəsi Həcc 46 olacaq.
Ayə düşüncədən danışarkən qəlb anlayışına toxunur. Bəs görəsən Qəlb nədir? Qəlb necə düşünür? Qəlb ilə düşünməli olduqlarımız nələrdir?
Sualların cızdığı trayektoriya ilə araşdırmamıza başladıq:
Qulaq və göz
İnformasiya qəbulediciləri olan bu iki duyğu orqanına Quranın bir çox ayələrində xüsusi toxunulur. Səs dalğalarını qəbul edən qulaqlarımız və işıq zərrəciklərini, vizual informasiyanı qəbul edən gözlərimiz. Külli aləm bir səsdən yarandı. O səs gözümüzlə görünən kainata çevrildi. Gözümüzlə şahid olduqlarımız, Rəbbimizin sevgidən yaratdıqları bizi heyranlığa aparır. Dalğalar titrədikcə küləyin səsi həyat əlamətinə çevrilir. Həyatdan agah olmaq, həyatı duymaq üçün eşitmək lazımdır. Yaradılanların gözəlliyinə heyran olub şükür edə bilmək üçün görmək lazımdır. Göz görmədikdə həyatın rəngləri mənasını itirir. Qəlb gözü görmədikdə insan bədbəxtləşir. Qaranlığa qərq olur. Qəflətə düşür.
Xoşbəxt olmaq qəlb gözünün görməsi, duyması, qəlbin idrakı ilə mümkündür.
Nizami Gəncəviyə görə cəmiyyətin dəyişməsi fərddən, fərdin dəyişməsi isə qəlbdən başlayır
Qəlb
Qəlb dediyimiz zaman orqanlarımızı qidalı maddələr və oksigenlə təmin edən orqan nəzərdə tutulduğunu düşünürük. Amma sözü həm leksikoloji, həm də elmi cəhətdən təhlil etsək görə bilərik ki:
1. İlk növbədə qəlb sözü kökü [qlb] olan ərəb mənşəli sözdür ki, həmin bu kökdən bizə məlum olan qalib sözü də gəlməkdədir. Qalib sözü isə dilimizə ərəb dilindən keçmiş olan (qəlib – hər hansı bir şeyi müəyyən formaya salmaq üçün olan alət) sözüylə eyni mənanı daşıyır.
2. Qalib sözünün digər bir mənası isə üstün gələn qələbə (qlb) qazanandır.
Kainatımızda mövcud olan səmavi cismlərə – planetlərə, ulduzlara nəzər salsaq görərik ki, onlarda da qəlb vardır və bu qəlb (kütlə mərkəzi) nüvədir. Günəşin nüvəsinin vəzifəsinə baxdığımız zaman aydın olur ki, o bir maddənin digər bir maddəyə çevirilmə reaksiyalarını təmin edir. Uzun müddət ərzində baş verən bu proseslərin nəticəsində səmavi cismi təşkil edən maddələrin müəyyən zaman dilimində bir formadan başqasına çevrilərkən cismin özünün də formasını dəyişməsinə təsir etdiyinə şahid oluruq.
Bilgi öyrənən insanın qəlbində də gedən reaksiyalar, düşüncə qığılcımları, insanın özünün dəyişiminə, fərqindəlik qazanmasına səbəb olur. Düşünən qəlb xoşbəxtliyə çatır.
Qəlb və ürək arasındakı fərqə gəldikdə isə belə izah edə bilərik:
Qəlb düşüncənin, sualın yarandığı və düşüncə və sualların cavabının tapılması və isim verilməsi prosesinin baş tutduğu yer, ürək isə qəlbdən gələn isim duyğu və düşüncələrin fərdin cisminə ötürülməsini təmin edən fiziki orqandır.
Qəlb ilə düşünmək hiss etməkdir. Qəlbin düşünməsi üçün ən əsas inanmaq, sevmək, düşünməyi istəmək lazımdır. Bu zaman kamil kəlimələr qəlbin sakininə çevrilir. Quranı anladıqca qəlb genişlənir və kamil kəlimələr qəlbə daha çox enməyə başlayır. Kimin qəlbində nə qədər ayə enibsə demək ki, o qədər düşünüb, sevib…
Xoşbəxt olmaq üçün düşünməkdən, fikirləşməkdən qaçmaq lazım deyil, xoşbəxt olmaq üçün düşünməyə, təfəkkürə, idraka qaçmaq lazımdır.
Bu ayda sizi qəlbinizlə düşünməyə dəvət edirik!