2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri cəbhə boyu zonada genişmiqyaslı təxribat törədib. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Artıq 10 gündən çoxdur ki, Qarabağ uğrunda döyüşlər gedir. Şanlı ordumuzun bu günlər ərzində əks-hücum əməliyyatları uğurla davam edir və bəzi ərazilərimiz işğaldan azad edilib.
Bütün bunlar göstərir ki, tarixi ədalətin bərpa olunması vaxtı gəlib çatmışdır. 30 ilə yaxın bir müddət ərzində doğma torpağımızın həsrətindən yanıb tutuşan könüllərimiz bu günlərdə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı və onun güclü ordusunun uğurları sayəsində sərinlik tapır.
Rəşadət, igidlik göstərən qüdrətli Azərbaycan ordusu bu günlərdə yeni zəfər tarixi yazır. Dövlət başçımızın “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın milli-mənəvi ideyasına çevrilmişdir. Bu ideya yolunda davam edən haqq savaşında əsgərlərimizin döyüş əzmi, xalqımızın iradəsi qırılmazdır, sarsılmazdır. Çünki, Cənab Prezidentimizin də söylədiyi kimi, bizim işimiz haqq işidir, biz haqq yolunda vuruşuruq. Oğullarımız öz doğma torpağımızda, ata-baba yurdumuzda canlarını vətən uğrunda fəda edir. Mənfur düşmən öz işğalçı siyasətindən hələ də əl çəkmir. Lakin ön cəbhədə igid əsgərlərimiz, arxa cəbhə də isə daim qəhrəman oğullarına kömək edən həkimlərimiz, könüllü gənclərimiz düşmənə layiqli cavab verməkdədir. Onlar çətin iqlim şəraitində, gecə-gündüz yorulmadan, mərdliklə düşmənlə çiyin-çiyinə döyüş aparır. Azərbaycan xalqı qəhrəman oğullarının uğuru nəticəsində şanlı unudulmaz zəfər günlərini yaşayır. İndi ordumuzun ehtiyacı olan tək şey, xalqımızın onlardan dualarını əsirgəməməsidir. Unutmayaq ki, duamız ən böyük silahımızdır. Bu silahımız bizi tezliklə haqqın zəfərinə aparacaqdır.
Allah dizinə güc, qoluna qüvvət versin, Azərbaycan Əsgəri!
Allah haqq meydanında sənə yar olsun!