“Oxu” layihəsində iştirak edəcək könüllülərlə 3 günlük təlimlər keçirildi.

“Oxu” layihəsində iştirak edəcək könüllülərlə 3 günlük təlimlər keçirildi.

Qeyri Hökumət təşkilatlarına Dövlət dəstəyi agentliyinin təşviqilə gənclərimizə gələcəyimiz üçün işıq olmaq fürsətini verən “Cığır” MDİD İB-nin həyata keçirdiyi “Oxu” lahiyəsində iştirak edəcək könüllü gənclərlə 03.02.2022-05.02.2022 tarixlərində müxtəlif təlimlər həyata keçirildi.
  • İlk təlim “Cığır” İctimai Birliyinin təsisçisi Yeganə Mirzəyevanın “Pedaqogika və liderlik” mövzusunda təlimi oldu. Təlimin əsas məqsədi layihədə iştirak edən hər bir şəxsi öz məsuliyyətini, öhdəliklərini və bu layihə vasitəsi ilə nələri qazana biləcəyini müşahidə etməsinə şərait yaratmaq idi. Atdıqları yeni addımda onlara nələrin daha çox kömək edəcəyi, nələrə daha çox diqqət yetirmək lazım olduğu müzakirə olundu. Təlim müddətində lider olmaq üçün hansı xüsusiyyətlərin, keyfiyyətlərin qazanılması məsələlərinə toxunuldu. Eyni zamanda təlim müddəti boyunca qazanılan bu yeni biliklərin “oxu” layihəsində gənclərə nə kimi faydaları olacağı da diqqətə çatdırıldı. Liderliyin başlıca xüsusiyyətlərindən olan nümunə ola bilmək, düzgün qurulan ünsiyyət, motivasiya etməyi və kəşf etməyi bacarmaq və s. digər qazanılan təcrübələr “Oxu” layihəsi müddəti boyunca gənclərimizə kitabların yeniyetmələr tərəfindən də düzgün dəyərləndirilməsi və sevilməsi üçün çox əhəmiyyətli və faydalıdır.
  • İkinci təlim isə Bakı Dövlət universitetinin müəllimi, eyni zamanda “Cığır” İctimai Birliyinin həmtəsisçisi Gülnar Rüstəmovanın “Bibloterapiya” mövzusunda təlimi oldu. Təlimin mövzusu kitablarla terapiyanın ruhumuza göstərdiyi təsirlərin rolundan ibarətdir. Təlimdə kitabları sadəcə oxuyub həzz almaqla yetinməməyin, onları həm də dərk edib həyatımıza və başqalarına da təsir göstərərək yansıtmamızın doğruluğu vurğulandı. Oxuduğumuz hər məlumatı tətbiq və təşviq edərək, nizama salaraq öyrənməyimiz bizim üçün hüzur, sükunət bəxş edir. Kitab oxuduğumuz zaman, orada olan obraza bürünürük, empati qururuq, kitab bizim ifadə edə bilmədiyimiz sözləri ipə-sapa düzür. Bir şeyi düşünəndə, o şeyi yaşayırmış kimi beyinə siqnal gedir. Beynimiz robot olduğu üçün xəyal etdiyimizi belə həqiqi qəbul edir. Hər hansı səhvi istəyərək seçmirik. Mütləq ki, keçmişimizlə əlaqəli qaranlıq hadisələr var. Oxumaqla bərabər yazının da terapiya olması, yazaraq aldığımız hər informasiyanı şüuraltımıza da həkk eləməyiniz önəmlidir. Oxumaq işin 50%-dir, yazmaq isə digər 50%-i. Unutmayaq ki, bizlər insanlardan uzaqlaşmaq, ətrafımızdan izolyasiya olmaq üçün deyil əksinə özümüzü və insanları daha yaxşı tanımaq, münasibətlərimizi müsbət yöndə inkişaf etdirmək üçün kitab oxumalıyıq.
  • Könüllü tələbələrimizlə təlimin 3-cü günündə “Birlik ruhu” adlı workshop həyata keçirdik. Tələbələrə komandada işləmək bacarığı, liderlik xüsusiyyətləri praktiki şəkildə izah edildi, bu baxımdan bərabər oynanılan “Sevgi toru” oyunu bu təcrübəni yerindəcə öyrənmək baxımından böyük yardımçı oldu.
    Bir-birlərinə dua, ən gözəl sözlərin enerjisini ötürən könüllülər sevgi torunun əhatəsinə düşdülər. Daha sonra könüllülərlə bərabər xoşbəxtlik bankası üçün könüllərin könlündən qopan sözlər yazıldı, layihənin böyük açılış mərasimi üçün hazırlıqlar görüldü, xoş ovqat və yüksək əhval ruhiyyədə “workshop”umuz tamamlandı.