Nurdan məktubun var!
Ətrafınızda, əlinizin altında olan hər hansı bir dəmir parçasına toxunun. Nə hiss edirsiniz? Dəmir sizə həyat hekayəsini, xəritəsini necə danışır? Hansı məqsədə xidmət edir?
Ən gözəl cavabı Yaradan bizə verib:
…Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik…
Hədid- 25
Hədid- sözü ərəbcə dəmir deməkdir. Qurani-Kərimdə bir surənin adının dəmir olması və 25-ci ayədə dəmirdən bəhs etməsi bizi dəmirin əhəmiyyəti haqqında düşünməyə sövq edir.
Təsadüfi deyilki Hədid surəsi Quranda 57-ci surədir. Dəmirin izotoplarından birinin nisbi atom kütləsi də 57-dir.
Gəlin birlikdə düşünək! Dəmir hardan endirilib? Dəmirdə hansı qüvvələr var? İnsanlar üçün hansı mənfəətlər verir ?
İlk öncə ayədə işlədilən “enzelna” feilinə nəzər salsaq, yuxarıdan aşağı endirildi mənasında işlədildiyini görərik.
Alimlərin araşdırmalarına görə dəmir elementinin yaranması üçün lazım olan istilik miqdarı yer kürəsində hətta Günəş sistemində yoxdur. Bu istilik bir neçə yüz milyon dərəcədirki, buda Nova və Supernova adlanan ulduzlarda yarana bilər.
Ulduzların nüvəsi ilk və ən kiçik element olan hidrogendən ibarətdir. Hidrogen atomunun nüvəsi yalnız protondan (müsbət yüklü zərrəcik) təşkil olunmuşdur. Bu protonlar zəncirvari nüvə reaksiyalarına daxil olaraq, digər növ elementlərə çevrilir.
Dəyişim başlanğıcdan, zərrəciklərdən başlayır.
Ulduz ölümü adlandırdığımız hadisədə ulduzun nüvəsindəki zərrəciklər ağırlıq edərək partlayışa səbəb olur. Güman edilirki bu partlayışlar nəticəsində dəmir elementi Yer kürəsinə endirilmişdir.
Dəmirin hekayəsi- dəyişimə uğrayan ölən ulduzdan şiddətlə ayrılıb qaranlıq fəzada sürətli bir yol keçib Yer kürəsinə qovuşur.
Külli aləmin bir zərrəsinə çevrilən dəmir insanın ali missiyaya xidmət etməsi üçün milyardlarla il yol qət edərək bizim xidmətimizə verilir.
Hədid-hiddət. Dəmir möhkəmliyi və plastikliyi ilə fərqlənən elementlərdəndir. Bir çox çətin, ağır şəraitlərə qarşı dözümlülük göstərir, öz xassəsini itirmir. Həmçinin insanların mənfəəti üçün, faydalı olmaq üçün yumşalır, formaya salınır. Sərt metal yüksək atəşdə həlimləşir, yandıqca yumşalır, dəyişimə, faydalı forma almağa daha açıq olur, döyülür, döyülür və axırda faydalılığın xoşbəxtliyinə qovuşur. 🖇️
Kosmosdan endirilən dəmiri yerin dərinliklərinda axtarmaq, aysberqin görünməyən tərəfi, məna ilə məhfum…
Dəmir bizim bir zərrəmizə çevrilib. Qanımızda hemoqlobinin əsas tərkib hissəsi dəmirdirki, buda oksigenin hüceyrələrimizə çatdırılmasında rol oynayır. Sanki öz həyat hekayəsini bizə xatırladır.
Bəs bizə nemət olaraq endirilən dəmirin dəyərini anlayırıqmı? Milyardlarla il çəkən yolçuluğun ardından insanın xidmətinə verilən dəmir. Ey insan, bu dəmiri, ali məqsədlər üçün istifadə edə bilirsənmi, yoxsa sən dəmir parçasına xidmət edirsən?