Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində Birliyimizin “Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində İsmayıllı rayonuna ekskursiya təşkil edilib.
Ekskursiya zamanı Bakıdan layihə iştirakçıları ilə birlikdə İsmayıllı rayonunun zəngin mədəni və tarixi irsə malik iki qəsəbəsinə – Basqal və Lahıca səfər təşkil olunub . Səfərin məqsədi iştirakçıların milli-mənəvi dəyərlər və yerli mədəni irs haqqında biliklərini artırmaq, onları bu irsi qorumağa və təbliğ etməyə təşviq etmək idi.
Səfər zamanı iştirakçılar “Lahıc” Dövlət Tarix – Mədəniyyət Qoruğunun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında yer alan misgərlik sənəti ilə yaxından tanış olmuş, sənətkar emalatxanalarına baxış keçirmiş və qədim məhəllələrin mədəni atmosferi müşahidə edilmişdir. Bu prosesdə qoruğun direktoru Maqsud bəyin verdiyi nəzəri məlumatlandırma da özünəxas rol oynadı. Daha sonra rayonda Birliyin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva tərəfindən təndir çörəyinin hazırlanması prosesinin insanın kamillik yolu ilə əlaqələndirilməsi mövzusunda interaktiv təlim keçirildi.
Günün ikinci yarısında iştirakçılar Basqalın qədim ipəkçilik ənənələri və kəlağayı istehsalı prosesi ilə tanış oldular.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Ceyhun İsmayılovun Azərbaycan çayı, eləcə də mədəniyyəti haqqında məlumatlandırma etməsi isə iştirakçılarda xüsusi maraq oyandırdı. Ardınca Yeganə Mirzəyeva tərəfindən iştirakçılar üçün növbəti təlim keçirildi.
Ekskursiyamızın qeyd olunan ərazilərdə həyata keçirilməsində dəstək göstərdiyi üçün Dövlət Turizm Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin rəisi Günay Rzayevaya və xoş qarşılama üçün qoruq direktorlarına Birliyimiz adından təşəkkür edir, gələcək fəaliyyətlərdə də əməkdaşlıq edəcəyimizə inanırıq.
















