“Mənim məqsədim” layihəsinin növbəti görüşü oğlan abituriyentləri ilə baş tutdu. İlk olaraq mərkəzimizdə qonaq olan əmanətlər müəllimlərlə tanışlıqdan sonra “Cığır”la və sosial sahibkarlıq layihələrimiz ilə tək-tək tanış oldular. Eyni zamanda “Kitab bağı” sosial sahibkarlıq kafemizdə ləziz təamlar dadaraq qonağımız oldular.
Layihə iştirakçıları ilə “İnşirah” psixoloji mərkəzinin könüllü heyəti terapiya keçirdi. Səyyar satışda isə abituriyentlərin kommunikasiya bacarıqlarının inkişafı həmçinin yeniyetmələrdə sosial məsuliyyət anlayışının formalaşdırılması məqsədi ilə 4 istiqamətdə satış keçirildi.
Layihənin növbəti mərhələsi 31.07.2024- 02.08.2024 tarixində Vətənimizin ehtişamlı guşəsi sayılan Samux- Yalama Milli Parkının təbiətində baş tutdu. “Mənim məqsədim” – ata himayəsindən məhrum abituriyentlərlə təqaüd proqramı, ixtisas seçimi, məsuliyyət və dəyərlərimizi qiymətləndirmək istiqamətində həyat yolu axtarışında olan abituriyentlərimizə meşəbəyi, qoruqçuluq, turizm, bələdçilik, kampçılıq kimi ixtisaslar və istiqamətlər haqqında da məlumat verildi. Abituriyentlərimizə ətraflı məlumat üçün Go extreme Azerbaijan və ləvazimatlarla təmin etdiyi üçün Mountain Shop Azerbaijan-a təşəkkürümüzü bildiririk. Eyni zamanda Ekologiya Nazirliyi, Samux-Yalama milli parkının əməkdaşları və rəhbərliyinə yaradılan şərait üçün dərin təşəkkürümüzü bildiririk.
Təbiət qoynunda baş tutan, abituriyentlərin məqsədlərini, hədəflərini müəyyən etməyə dəstək göstərən növbəti təlimlər birliyimizin təsisçisi, BDU, İslamşünaslıq elmi tədqiqat mərkəzinin aparıcı elmi işçisi, f.ü.f.d Yeganə İbrahim tərəfindən keçirildi. “Hədəf və məqsədlərin təyin olunması”, “Şəxsiyyətin inkişaf metodları” adlı təlimlər gənclərin hədəf və məqsədləri, bu yolda qarşıya çıxan problemlər və onların fürsətlərə dönüşdürülməsi üzərindən oldu.
Layihə iştirakçıları ilə birliyimizin sədri eyni zamanda kouçinq sertifikatlı Nüşabə Hüseynova tərəfindən art terapiya keçirildi. Elbəy Əliyev tərəfindən isə “Mənim məqsədim” adlı workshop keçirildi. Abituriyentlərə məqsəd anlayışını çatdırmaq, məqsəd necə təyin olmalıdır, vizyon, hazırkı vəziyyətin analizi, SWOT analizi, məqsədləri və vizyonu doğru ifadə etməklə müzakirələr edildi.
“Mənim Məqsədim” layihəsinin ən maraqlı və öyrədici anlarından biri, abituriyentlərlə keçirilən film saatı oldu. Rejissor Əlisəttar Atakişiyevin ekranlaşdırdığı “Bir Qalanın Sirri” filmi gənclərimizlə birlikdə izlənildi və dərindən təhlil edildi. Bu tədbirdə birliyimizin təsisçisi və BDU, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, f.ü.f.d. Yeganə İbrahim və kinoşünas İmdad Kərimli də iştirak edirdilər. Filmin qəhrəmanı Elşənin məhz oxumaqla elmə və hikmətə çatma yolunu, şər qüvvələrə qalib gəlməsini və Mətanəti xilas edib kənddə yenidən həyatın canlanmasına səbəb olmasını izah etdik. Bu film vasitəsilə elmin gücü və xalqın birliyinin şər üzərindəki zəfərini vurğulayaraq abituriyentlərə dəyərli mesajlar çatdırdıq. Filmin məzmunu abituriyentlərə bir çox vacib dərs verdi. Elşənin kitab oxumaqla əldə etdiyi bilik və hikmət abituriyentlər üçün nümunə oldu. Bu, gənclərə təhsilin və bilik əldə etmənin nə qədər vacib olduğunu xatırlatdı. Təhsilin yalnız fərdi inkişaf üçün deyil, həm də cəmiyyətin rifahı üçün əsas olduğunu göstərdi.Elşənin əzmkarlığı və məqsədinə çatmaq üçün göstərdiyi səylər, abituriyentlərin öz hədəflərinə daha qətiyyətlə yanaşmalarına təsir edəcəyinə əminik. Eyni zamanda, filmin vurğuladığı birlik və həmrəylik, abituriyentlərə birgə işləməyin və kollektiv gücün nə qədər vacib olduğunu anladırdı. Bu, onların yalnız şəxsi məqsədləri üçün deyil, həm də cəmiyyət üçün faydalı olma hədəflərinə çatma yolunda birlikdə hərəkət etmələrinin vacibliyini göstərdi. Beləliklə, “Bir Qalanın Sirri” filmi abituriyentlərə məqsədlərini təyin etmə və onlara çatmaq üçün motivasiya verməklə yanaşı, onlara təhsilin və birliyin gücünü bir daha xatırlatdı.