“Qurandan məktub var – 8”

“Qurandan məktub var – 8”

Qarşılıq olmadan sonsuz fayda.

“Sizi torpaqdan yaratdıq. Sizi yenə ora qaytaracaq və bir daha orada çıxardacağıq”. (Ta-Ha surəsi, 55)

Torpaq nədir?

O hansı xüsusiyyətlərə, keyfiyyət və kəmiyyətə malikdir ki, Rəbb bizi – insanları ondan xəlq edib?

Niyə Quranda dəfələrlə torpaqdan məsəl gətirir?

Torpaq — yer qabığının bitki bitən üst münbit qatı. Yer qabığını təşkil edən qayaların uzun illər boyu parçalanıb, aşınıb yumşaq yer örtüyünə çevrilməsidir.

Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağı bitkinin normal yaşaması və məhsul yetirməsi üçün onun kök sistemini qida elementləri, su, hava və istiliklə təmin etmək qabiliyyətidir.

Həyat verdikcə həyat qazanır. İşi fayda verməkdir.  Torpaq müəllimdir sanki. Neçə-neçə tələbə yetişdirir. (Ağac, çiçək, ot)
Torpaq yetişdirir.

Əgər torpağın funksiyaları ilə yaxından tanış olsaq özümüzü tapa bilərik.

Torpağın funksiyaları:

  •  Bioloji aktivliyi təmin etmək, müxtəliflik və məhsuldarlıq;
  •  Su və həll olunan maddə axınının tənzimlənməsi və bölünməsi;
  •  Potensial çirkləndiricilərin süzülməsi, tamponlanması, aşınması və zərərsizləşdirilməsi;
  •  Qida maddələrinin saxlanılması və dövrü;
  •  Bina və digər tikililərə dəstək vermək və arxeoloji xəzinələri qorumaq.

Torpaqdan nə dərslər var?

1) Torpağı məhv etmək asan, bərpa etmək isə çətindir. Vaxt və səbir tələb edən prosesdir. Təxmini 1 sm məhv olmuş və ya olmaqda olan torpağı bərpa etmək üçün 1000 il lazımdır.

2) Tərkibində çürüntü çox olan torpaqların rəngi qara olur. Belə torpaqlar qaratorpaq adlanır. Qaratorpaq rütubəti yaxşı saxlayır, tərkibində qida maddələri çox olur. Çürüntü maddələri ilə zəngin olan torpaq münbit sayılır. Münbit torpaqlardan həmişə yüksək və sabit məhsul əldə edilir.

Allah bizə bu ayə ilə insanoğlunu, bütün canlıları, ən kiçik mikroorqanizmləri belə torpaqdan yaratdığını vurğulayır. Adəm sözü də tərcümədə “torpaq” deməkdir. Adəm oğlu, yəni torpaq oğlu.

“Sizi ora qaytarıb və sonra da çıxardacağıq”- dedikdə nəyi düşünməyimizi istəyir?

Torpaqdan yarandıq, torpaqdan doğulduq və öldükdə də torpağa qayıdacağıq.

Bəs sonra nə olacaq?

Cismimiz torpaqdan aldıqlarına öz ruhunu qataraq torpağa geri dönüş edəcək və sonra torpağa gübrə olub, onu münbitləşdirib həyat qaynağı olacaq, ruhumuz torpaqla yenidən diriləcək.

Torpaq insanı rahatladır. Bundandır ki, torpaq üstündə gəzməyin nə qədər faydaları var.

Salam gətirir özü ilə, hüzur verir. Torpaqdan yaranan insanın torpağa ehtiyacı var.

Torpaq insanın qardaşı

Torpaq- biz!

İnsanoğlu torpaqla daim təmasdadır.
Torpağın üzərində yaşayırıq, qidamız torpaqdan gəlir.

Neçə- neçə torpaqlar xoşbəxtdir ona görə ki, şahidliklə yoğrulub hər zərrəsi.

Torpaq insan əməyi ilə var olur.
Zəhmət adlandırdığımız anlayış torpaqda var olur.

Özümüz torpaq olduğumuz kimi bütün həyatımız da torpaqla bağlıdır.

Bəs biz bu qədər faydalı olan torpaqdan yaranmağımıza baxmayaraq, onun qədər faydalıyıqmı?

Faydalılıq məktəbi torpaq

Düşünək.

Bizlər bəs qəlb evlərinin inşasında torpaq olmuşuqmu?

Yaxud toxumlara qucaq açıb meyvə yetişdirə bilmək…

Ey Torpaq!
Qardaşın olan bizlərə öyrət sirrini!

Münbit torpaq

Bir ovuc torpaqda yetişə bilər bir toxum. Yetər ki, o torpaq münbit olsun.
Bəs münbit torpaq olmaq üçün nə lazımdır?

Həşəratlar, qida qalıqları torpağa qarışaraq yeni bir şeylərin yaranmasına səbəb olur.
Gübrələr torpağın köməkçisidir.

“Müsəlman ölmək” duasının üzərində təfəkkür edərkən müşahidə edərik ki, torpaqla eyni maddələrdən təşkil olunan və müsəlman olaraq vəfat edən insan bədənindən torpağa ifraz olunacaq maddələr zəhərli və zərərli olmamaqla yanaşı, rahatlıq içində öldüyü üçün də torpağa xoşbəxtlik hormonları ötürər. Beləliklə də, müslim olan bir kəs sadəcə axirəti üçün deyil, torpaq üçün də faydalı olaraq, cəsədi ilə də torpağa “pis gübrə olmayım” -duasını yaşayır.

Riyakarlığı sevməyən torpaq
Təbiilik aşiqi, səmimiyyət.

Yağış torpağın sirdaşı.
Allah bizi torpaqdan yaradıb. Demək ki, bədənimiz yağışda islananda və bədənimizdə də torpaqdan zərrələr olduğuna görə içimizdə çox şeyə can suyu ola bilər və toxumalarımızın cücərməsinə səbəb olar..

Rumi deyir:
“Təvazö və comərdlikdə torpaq kimi ol!”