“Qurandan məktub var – 6”

“Qurandan məktub var – 6”

“Onları silkələməsin deyə yer üzündə möhkəm dağlar yaratdıq və orada geniş yollar açdıq ki, bəlkə, doğru yollarını taparlar”. (Ənbiya, 31)

Rəbb dağları məsəl çəkərək bizə nəyi işarə edir? Dağ haqqında nə bilirik?
Silkələnmək və möhkəm dağ? Genişlik və doğru yolu tapmaq?

Yer səthinin quru hissəsinin 40%-dən çoxunu əhatə edən dağlar necə yaranır?

Yerin daxili qüvvəsinin verdiyi təkan ilə yer qabığında seysmik və vulkanik proseslər gedir:

Tektonik mənşəli dağ. Yer qabığı qaynar və qatı lavanın üzərində “üzür” və bu zaman iki litosfer (yer qabığı) tavası bir-biri ilə toqquşur və ya biri digərinin altına girir (subduksiya). Yaranan yüksəklik dağ adlanır. Dağ silsilələr şəklində olur.

Vulkanik mənşəli dağ. Yerin daxilində yüksək temperaturda süxurlar əriyib, bir-birinə qarışır, nəticədə maqma yaranır və yüksək təzyiqə dözməyən yer “öz yükünü atır”, yəni lava təzyiq ilə püskürür, axan lava zamanla quruyub bərkiyir. Bu prosesin dəfələrlə təkrarlanması nəticəsində konusvari formalı tək dağ yaranır.

“Və dağları da dirək olaraq yaratdıq”.

Ayədə keçən möhkəm dağlar dedikdə nə nəzərdə tutulur?
ABŞ elm adamı Frank Press özünün “The earth” (dünya) adlı kitabında bildirir ki, dağ yerin altındakı kökləri yerin üstündə gördüyümüz hissəsinə nisbətən 10-15 qat daha dərin və böyükdür və yerqabığının dərinliyinə batıb. Bu da tavaların toqquşmasının yaratdığı silkələnmənin qarşısını alır və sarsıntını zəiflədir. Beləliklə, dağ zəlzələlərin böyük hissəsinə mane olur.

Bu isə Allahın dağları nə qədər möhkəm və sabit yaratdığına işarətdir.
Dağların əmələ gəlməsi və geniş yollar bizə nə üçün lazımdır?
Gedəcəyimiz yerlərə rahatlıqla gedə bilmək və Allaha heyranlıq duymağımız bu yollar sayəsindədir.
Bəs biz haqqa hansı yolla gedə bilərik?
Peyğəmbərlərin yollarını izləməklə və gedəcəyimiz yolda Allahdan əmin olmaqla.

Dağlar…

Salamı yayan dağlar.
Əmin amanlıq carçısı.

Sərt küləkləri həlim edən dağlar. Bəs bizlərin sərtliyini həlim edən dağımız varmıdır?
Dağın səsləyir bizi səbrə. Niyə SƏBR?!
Yerin titrəyişinin qarşısını almaq üçün Allah dağları var etdi. Bəs insanların büdrəməsi necə? Bunun da qarşısını alan səbr deyilmi?

Səbrimiz dağımızdır.

Səbrin sonu salamdır.
Dağ səbr etdi və mübarək oldu. Bərəkət üfürüldü ruhuna. Nəticədə isə çaylar, təmiz hava və gözəllik yaydı ətrafına. Əsgər oldu- gözəllik yaymaqla vəzifələndirilən əsgər.

Yaradılışa xidmətdə durmuş dağlar abd (xidmətdə durmaq) olmağı öyrətmirmi?

Nə qədər çətinliklər yaşamış dağ. Bəzən oyulmuş, bəzən sürüşmüş. Bunlara baxmayaraq, vüqarlı dayanış sərgiləyir. Heç demərik ki, bu qədər çətinliyə tab gətirmiş qəlbində.

Qarla örtülü dağlar əzəmət nişanəsidir. Soyuğa, şaxtaya tab gətirən, eyni zamanda bizə soyuğu sevdirəndir.

Silsilə dağlar cəmlikdir, sevgini paylaşmaqdır, kökləri ilə sıx-sıx bir-birinə sarılmaqdır.

Dağlar- rabitə ötürücü. Rabitənin vacibliyinə, gözəlliyinə şahid edir bizi. Mütəşəkkil işin bərəkətinin nümunəsidir.

Dağlar iradədir.
Dağlar əzmdir.
Dağlar maneələrə baxmayaraq, dimdik dura bilməkdir.
Dağlar haqq yolunun işarəsidir.

Kamil olmaq istəyirsənmi?
O zaman dağ kimi möhkəm ol, qəlblərə gedəcək geniş yollar aç!