“Qurandan məktub var – 5”

“Qurandan məktub var – 5”

Kainat və onun genişlənməsi haqqında maraqlanmısınızmı?

Niyə onlarla araşdırmalara baxmayaraq, hələ də bu mövzu sirr olaraq qalmaqdadır?

Bugünkü məktubumuzda bu sirrə bələd olmağa çalışdıq.

“Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik”.  (Zariyat surəsi, 47)

Kainatın yaradıldığı andan genişlənməkdə olduğu bilinir. Bu fakt ilk olaraq 1920-ci illərdə Edvin Habl tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum oldu. Beləliklə, müşahidələr nəticəsində aydın olmuşdur ki, bütün istiqamətlərdə olan kosmik cisimlər və qalaktikalar dünyadan uzaqlaşır və aradakı məsafə artdıqca bu uzaqlaşma sürətlənir. Kainatın genişlənməsi ilə bağlı qeyd olunası məqamlardan biri də bu genişlənmənin hansısa sabit mərkəzə sahib olmamasıdır. Yəni hansı nöqtədən baxmağımızdan asılı olmayaraq bütün cisimlərin bizdən uzaqlaşdığını görürük.
Aparılan hesablamalar nəticəsində bu genişlənmənin təxminən 13,8 milyard il əvvəl başladığını və o zaman da hal-hazırda aralarındakı məsafə böyük olan cisimlərin bir birinə çox yaxın olduğu bildirilir. Bu nəzəriyyə kainatın və dünyanın böyük bir partlayış nəticəsində yarandığına işarə edir. (Big-bang)

Bu ayədə göyün, yerin və kainatın möhtəşəm quruluş və nizamının Allahın qüdrəti ilə olduğuna diqqət edilir.

Öz muazzamlılığı ilə diqqət çəkən kainat Allahın elmi ilə meydana gəlmişdir.

“Allahın elmi hər şeyi əhatə etmişdir”. (Taha,98)

Ayənin “Onu genişləndirməkdəyik” hissəsi üçün edilən əsas şərhlər belədir:
a) Vüsat, yəni genişlik və gücümüz vardır. Göydəki bu əzəməti təmin edərkən gücümüzdən bir şeyin azaldığını düşünmək lazım deyil, istəsək onu daha da genişləndirə bilərik.

b) Heç bir şeyə möhtac deyilik və bol-bol nemətlər veririk. Dərdləri həll edib sıxılmış qəlblərə genişlik veririk.

c) Kainatı genişləndiririk.
Bu fikir elmi cəhətdən kosmik cisimlərin bir-birindən uzaqlaşdığını və aralarındakı məsafənin getdikcə artdığına əsaslanan “genişlənmə nəzəriyyəsi” işığında aparılır.

Kainat…

Daim hərəkətdə olan kainat.

İnkişaf etməyimi öyrədirsən bizlərə !?
Bəlkə də, hərəkəti.

Ey insan, dayanma!
Oxu.
Çalış.
Mükaşif ol!

Bil ki, mütləq bir gün düşüncələrin və ruhun böyüyəcək.

Durğunluq səni sadəcə bir məkana qəfəsləyər. Amma hərəkətdə olduqca hər məkanda öz ruhunun ayaq izlərini qoyacaqsan.

Genişlənmək üçün enerji gərək. Körpə uşaq dünyaya güclü enerji sərfiyyatı ilə gəldiyi kimi kainat da güclü enerji partlaması ilə, yəni Yaradanın “Ol” deməsi ilə var oldu.

Kainatın genişlənməsi sanki köksün genişlənməsi kimidir.
Sanki kainat da hər gün Allaha daha çox yaxınlaşır və genişlənir.

Dar köks ümidsizliyin, çarəsizliyin yuva saldığı, Allahdan uzaq olan köksdür.
Nəfəs almağın ağırlaşdığı, ruhun rahatlıq tapa bilmədiyi köksdür.

Bütün aləm, bütün kainat Rəbbə daha çox yaxınlaşmaq arzusundadır.

Sən demə kainat da Rəbbi üçün zikrlər edir, genişlənir, böyüyür.

Sevgimiz, hisslərimiz və dualarımız- hər şey kainatın genişlənməsinə təsir edir.

Kainat genişlənir, yəni zaman məkansızdır, sabit deyil. Əgər elə olmasaydı, genişlənməsəydi, o zaman sığınmağa, ya da gizlənməyə bir yerimiz olardı, amma genişlənir deyə heç yerə sığınmaq mümkün deyil, yalnız Allaha sığınmalıyıq.

Kainat genişləndikcə nə demək istəyir, ey dost?

Bu sual ətrafında təfəkkürə dəvət edirik səni!