“O, sizin üçün asanlıq istəyər ki, orucun sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və şükür edəsiniz.” (Bəqərə surəsi, 185)
“Şükür neməti deyil, neməti verəni görməkdir”.
Əziz oxucu, bu gün Ramazan ayının son məktubu ilə qarşınızdayıq. “Məktub var” bizə nemətdir. Nemətə şükür etmək lazımdır. Ona görə də düşündük ki, bu gün şükürdən danışaq.
Ramazan Quranın şükrüdür. Oruc Ramazanın şükrüdür.
Nədir oruc?
Oruc nəfsi tərbiyə etməkdir. Tərbiyə olunmuş nəfs Rəbbinə aparan yol kimidir. Nəfs tərbiyə olunmazsa həqiqətləri pərdələyər və qəlbimlə ağlım arasında durar. Əgər mən nəfsimi tərbiyə edirəmsə, deməli, ruhuma da yol tapıram.
Oruc ruhumuzun sədəqəsidir.
Oruc qalxanımızdır.
Qiyamət günündə qula şəfaətçi olar oruc.
Oruc insana təqvanı qazandırar. Təqva isə insana ayıq, səlim qəlb.
Orucun orqanizmimizə faydaları nələrdir?
Oruc tutmaqla insanın həzm sistemi dincəlir, dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə, qanyaradıcı orqanlara müsbət təsir göstərir.
Oruc ən yaxşı dərmanlardan biridir.
Məhəmməd peyğəmbər (s.ə.s) buyurmuşdur: “Çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır”.
Allah orucla bizə ölçünü anlamağı öyrədir, nə az, nə çox, orta yol.
Oruc tutmaq bizə sanki həyatımızı daha minimalist yaşamamızı öyrədir.
Nədir minimalist həyat?
Minimalist həyat insanın zamanını, pulunu, malını, enerjisini və sahib olduğu digər şeyləri dünya həyatının keçici şeylərinə sərf etməkdən imtina edib daha çox inkişafa, mənəvi kamilliyə, gözəlliyə doğru can atmasıdır.
Minimal şeylərə ehtiyac duyub maksimal faydalı ola bilmək.
Oruc tutmaq da minimalizm kimi insanın daha çox ibadətdə ola bilməsi (yaxşılıq edə, faydalı ola, gözəlliyi yaya, mənəvi kamilliyə çata bilməsi) üçün onun yeməkdən, içməkdən, qeybətdən, bütün pisliklərdən, şəhvətdən, yalandan uzaqlaşmasıdır.
Mənəvi kamilliyə can atan insan mütləq ki, şükrün nə olduğunu bilməli və şükür etməyi bacarmalıdır.
Çünki şükürsüz kamillik olmaz.
Nədir şükür?
Fikir- zikr- şükür
Şükür insanın qazandıqlarının/sahib olduqlarının onun özündən olmamasını bilmək və bunu etiraf etməkdir.
Şükür Allahın verdiyi nemətləri yerində və miqdarında istifadə etməkdir.
Xeyrə çağırıb, yaxşı işlər görmək şükürdür.
Şükür təslimiyyətdir- qədərimizə təslim olmaqdır.
Şükür Allahın bilincində olmaqdır.
Şükür edə bilmək üçün əmin olmaq lazımdır.
Şükür Rəbbinin verdiklərinə razılıqdır.
Qane olmaq, israfa varmamaqdır.
Allahın razı qaldığı işlərdə müvəffəq olmaqdır.
Müvəffəq olmaq üçün cəhd etmək, hərəkət etmək, səy göstərmək, zəhmət çəkmək lazımdır.
Şükür edənin gözəlliyi də, bərəkəti də çox olur.
Şükür və hərəkət bərabərdir.
Allaha şükür edə bilmək üçün əvvəlcə bir-birimizə təşəkkür etməyi bacarmalıyıq.
Bəndəyə təşəkkür edə bilməyən Rəbbinə şükür edə bilməz.
Nemətlərin fərqində olmaq və onları Allah yolunda, gözəlliyi və salamı yaymaq üçün istifadə etməkdir şükür.
Rəbbini tanıyan bütün nemətlərin ondan olduğunu bilir.
Oruc tutun ki, şükür edəsiniz.
Oruc imanın çiçəyidir. Şükrə gedən yol tövbədən keçir.
Niyə oruc bizə şükür etdirir?
Nədir nemət?
Ətrafını saran hər şey nemətdir. İnsanoğlu özü də nemətdir.
Nemət sözünün içində gözlə görünə biləcək və görülməyəcək hər şey cəm olub.
Bəs nemətin şükrünü vermək nədir?
Nemətin şükrünü vermək onu yaşamaqdır. Haqqı ilə, xeyri ilə, Rəbbin nemətinə yaraşan şəkildə yaşamaqdır.
Nemətin şükrünü vermək onun dəyərini, qədrini bilməkdir.
Biz Allahın şükrünü necə verək?
Nemətləri Allah yolunda xərcləməklə.
Allahın razılığını qazanmaqla.
İnsan olmaqla.
Salamı yaymaqla.
Sevgi verməklə…
Ey dost! Ramazanın şükrünü verməyə tələs! Salama, sevgiyə, şəfaya tələs!
Ramazan oxu ayıdır.
Dəyərli oxucularımız, Quran nemətdir. Biz bu Ramazan nemətin şükrünü Allahın dəyərli kəlamlarını-ayələrini sizə çatdırmağa çalışmaqla verdik.
Rəbbimizdən bizə ilham olunan məktublarımızı sevgilə oxuduğunuz və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik.
Hər son bir başlanğıcdır. Özümüzü növbəti Ramazan ayına hazırlamaq üçün Quranı oxumağa və yaxşı işlər görməyə davam edək!