“Qurandan məktub var – 28”

“Qurandan məktub var – 28”

“Aranızda yaxşılığa çağıran, xeyirli işlər görməyi (mərufu) tövsiyə edən və pis əməllərdən (münkərdən)çəkindirən bir ümmət- camaat olsun. Onlar, həqiqətən, xilas olanlardır.” (Ali-imran surəsi- 104)

“Yaxşılıq  insan sənətidir”. (N.Gəncəvi)

İslamda əməl edilməsi vacib olan şərtlərdən ikisi “əmr be məruf” və “nəhy əz münkər”dir ki, o özündə bütün dini və əxlaqi əmr və qadağaları cəmləşdirən hərtərəfli ifadədir.

“Əmr be məruf” nədir ?

“Yaxşıya əmr vermək, yaxşılığı və gözəlliyi yaymağa çalışmaq.”

İslam terminologiyasında “məruf”, ümumiyyətlə, ən yaxşı, daha yaxşı olan, yararlı, faydalı, Allahın insan üçün təqdir etdiyi yaxşı hal, üstün, dəyərli və s. mənalarda işlədilir.

Məruf ifadəsi beynəlmiləl səviyyədə- dünyanın hər yerində hamı tərəfindən düzgün qəbul olunan şeyləri bildirir. Münkər sözü isə bunun tam əksini bildirir: hamı tərəfindən pis qəbul edilən şeylər.

“Nəhy əz münkər” nədir?

“Pisliyi qadağan etmək” olaraq tərcümə edilir, “ağıl və ya din tərəfindən pis sayılan, çirkin, pis davranış” mənasını verir.

Ali-İmran 104-də keçən ümmət kəlməsi isə “imam” kəlməsi ilə eyni kökdən gəlir  topluma, cəmiyyətə öndərlik, liderlik etməli olan qrup” mənasında  işlənir.

İndi isə dövrümüzün pislik və yaxşılıq anlayışları haqqında təfəkkür edək.

Yer Hz. Adəmdən bəri zülmə şahid oldu. İnsanlıq tarixində yaxşılıq və yaxşı şeylərdən daha çox ədalətsizlik, şiddət, pislik və müharibələrlə xatırlandı. Ancaq bu gün bir çox İslam ölkəsində yaşanan vəhşilik insan irqinin bütün müqəddəs dəyərlərini məhv edir. Bu gün müsəlmanların yaşadığı hər coğrafiyada baş verənlər bütün dəyərlərimizi və prinsiplərimizi məhv edir.

Günümüzün pislikləri- ədalətsizlik, şiddət, müharibələr, qıyılan məsum canlar, simicliyimiz, cahilliyimiz, hətta düzgün istifadə edilmədikdə elm də bizim günümüzün pisliyinə çevrilir.

Günümüzün yaxşılıqları nələrdir?

Müasir dünya yaxşılığı “özünüzə yaxşılıq” kimi qəbul edir. Faydalar və mənfəət güdmək yaxşılığı əvəz etdi. Fərdiyyət və eqoizm yaxşıları utilitarizmə və şəxsi maraqlara çevirdi. Müasir dövrdə yaxşılar və yaxşılıq üstünlük və mənfəətcilik ölçülərini itirmişlər. Reklam üçün sosial məsuliyyət layihələri sevgi, hörmət, mərhəmət və yaxşılığı əvəz etdi.

Yaxşılıq paylaşmaqdır. Biz əslində yaxşılığa dəvət edərkən də yaxşılıq edirik.

Yəni “biz yaxşılığı gördük, nəticənin təsirini gördük. Gəl sən də gör, sən də bəhrələn”.
Dəvət özü də yaxşılıqdır.

Pisliklərdən necə çəkindirək?

Yenə də yaxşılığa dəvət etməklə

Ətrafımızı o yaxşılıqlara necə dəvət edək?

Yaxşılığa dəvət təfəkkürə dəvətdən keçir.
Yaxşılığa dəvətin faydasının sadəcə qarşı tərəfə deyil, özümüzə də bu faydanın toxunduğun dərk etdikdən sonra təşviq olunuruq.
Deməli, yaxşılığı dərk edir, ilk özümüzü, sonra isə  başqalarını dəvət edirik.

Məsələn, birinə yaxşılıq etdikdə gördüyümüz təşəkkür bizi xoşbəxt etməyə səbəb olur.

Sədəqə verərək gülümsəməyə vəsilə oluruq.

Verdiklərimizdən çox aldığımız nəticələrimizdən təsirlənirik.
Yəni dəvət edərkən də insanları bu nəticələri görməyə dəvət edirik.

Yaxşılıq təxirə salınarsa və ona laqeyd qalarsaq, pis həmişə özünə zəmin tapar. Pisliyə qarşı ən yaxşı və düzgün mübarizə xeyirlərin yayılması üçün edilən işdir. Bu səbəbdən yaxşılıq səy, zəhmət tələb edir.

Yaxşılığı yaymamaq elə pisliyə zəmin yaratmaqdır.
Yaxşılığı yaymaq pisliyi azaltmaqdır.

Pislik də yaxşılıq kimi daim iş başındadır.

Ona görə də nə etməliyik?
Xeyirdə yarışmalıyıq.

Hər birimiz yaxşılığı gücləndirmək və pisliyə yer buraxmamaq üçün çalışmalıyıq.

Yaxşılıq- yaxşı əxlaqdır. Pislik isə ürəyinizi incidən (vicdanınızı narahat edən) bir şeydir və buna görə də insanların bilməsini istəməzsiniz.

Dəvət qəlbən olmalı- bütün səmimiyətinlə, içdənliklə.
Bütün duyğularını ötürmək, hiss etmək, hiss etdirmək…

Yaxşılığa dəvət etmək insanın qəlbi ilə yenidən bağ qurmağa dəvətdir.
İman edənlər yaxşılıq edənlərdir.
Yəni insanları yaxşılığa çağırmaq imana çağırmaqdır.
Dəvət etmək də iman etməkdir.

Hər birimizin içində yaxşılıq toxumu var. Onu görmək dəvətdir.

Yaxşılığa dəvət edənlər içindəki gözəlliyi kəşf edəndir. Dünyada missiyasını bilənlər, ya da bilmək yolunda addım atanlardır.
Yaxşılığa dəvət edənlər “Mən kiməm? Nə üçün varam? Nə etməliyəm?”- suallarına ədalətli cavab tapanlardır.

Xeyrə dəvət edənlər əslində bizi özümüzü görməyə dəvət edirlər. Onların çağırışı özləri üçün deyil, bizim özümüzə yaxşılıq üçündür.
Xeyrə çağırmaq birlik, cəmlik olmaqdır, bir ehtiyacdır.

Xeyir yalnız maliyyə imkanları ilə məhdudlaşmır. “Səmimi bir təbəssüm, dua, kədər və həyəcanın paylaşılması da ən böyük xeyirdir”.