“Qurandan məktub var – 27”

“Qurandan məktub var – 27”

“Yaqub onlardan üz döndərdi və: “Ah Yusifim!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.” (Yusif surəsi, 84)

Kimin yoxsa din dərdi, onun vardır min dərdi, kimin varsa din dərdi, onun yoxdur heç dərdi.

Bu məktubumuzda da özündə saysız-hesabsız mesajları gizləyən Yusif qissəsinə davam edəcəyik. Bu gün toxunacağımız hissə isə Hz.Yaqubla bağlı olacaq.
Yaqub oğlu Yusifin hüznü və digər oğullarının xəyanəti ilə sınanmışdı. Yusifin kədərindən onun gözləri tutulmuşdu. İllər sonra onun gözləri yenidən öz nuruna qovuşmuşdur.

Gəlin birlikdə aşağıdakı suallar ətrafında bu hadisənin dərinliklərinə enməyə çalışaq.

Göz nədir insan üçün?
Yaqubun gözlərinin kor olması hansı mənanı verir?
Onun gözlərinin nurunu qaytaran nə oldu?

Hz. Yaqub Yusifin peyğəmbər olacağını bilir, onu özündən üstün tutur. Buna görə onu itirməkdən qorxur.
Yaqub Yusifdən başqa 12 övladı (1 qız, 11 oğlan) olduğu halda Yusifi onlardan ayrı tuturdu.

Qardaşları nəfslərinə aldanıb Yusifin ölüm xəbərini Yaquba gətirəndə, o, Yusifin dərdi ilə dərdlənir. Öz missiyasını unudur, bəsirət gözü bağlanır.

Allah Yusifi əlindən almışkən o yenidən o biri övladına, Bünyaminə bağlandı, sevgisini ona ötürdü.

Yusif peyğəmbər Misirdə Bünyamini öz yanında saxlayır. Çünki Yaqub peyğəmbərin bəsirətinin açılmasına maneə idi. Bünyamin bu xəbəri eşidəndə Yaqub peyğəmbərin gözlərinə ağ gəlir, gözləri tutulur. İkinci dəfə xəta edir Allahın peyğəmbəri.

“Oyan!” -deyir sanki.
Axı o dünya dərdi ilə dərdlənirdi, Allaha yox, onun quluna bağlanmışdı. Bəsirəti, qəlb gözü bağlanmışdı.

Dünya üçün ağlayırdı Yaqub.
Allah üçün axmırdı o gözyaşları.

Yaqub peyğəmbər nəfslərinin qulu olan oğullarını fikirləşir, onların bağışlanmasını istəyir. Qardaşlar peşman olub, Allaha tövbə etdikdən və Yusif ilə Bünyaminin yaşadığını biləndən sonra Yaqub peyğəmbərin gözləri, bəsirəti açılır.

Qəlblə nəfs eyni məqsəd üçün birləşirsə, gözlər də artıq görür. Qəlb gözü ilə görmək sevgini dərk etməkdir.

Əgər Yusif seçilmişdisə Rəbb özü onu qorumayacaqdımı?
Ona müəyyənləşdirdiyi bir yol yox idimi?

Bəs nə idi onun gözlərini kor edən?
Yusifə olan sevgisi.
Yaradanı üçün sevdiyini düşündüyü halda, əksinə onu bütləşdirməyə doğru gedirdi Yaqub.

Yaqub peyğəmbər Yusifi Allah yolunda qurban verməyə hazır deyildi.

Nə zaman ki Yaqub oğlunu Rəbbi yolunda qurban verir, o zaman ayrı qaldığı Yusifə qovuşur və gözləri açılır.

Şübhəsiz, Yaqub da bilir ki, Yusif Allah ilə Yusifdir.

Onun üçün Yusif bənzərsiz idi.
Lakin yalnız Allah tək və bənzərsizdir.
Yaqub Yusifi Allahın bənzərsizliyinin, təkliyinin nümunəsi, təcəllisi olaraq görürdü.
Bəs Allahın peyğəmbəri bilməzmi ki, bütün varlıqlar Uca Yaradanın möhtəşəmliyinin təcəllisi və örnəyidir?!

Sənin bir könlün var.
Bir könülə iki sevgili sığmaz, ey dost!

Qəlbimizi sahibinə təslim etmək ümidi ilə…