“Qurandan məktub var – 25”

“Qurandan məktub var – 25”

“Aralarından sözü keçərli biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, karvanlardan biri onu tapıb aparsın”. (Yusif surəsi, 10)

“Xain qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. (Yusif surəsi 15)

Bizim işimiz quyu qazmaq deyil, Henri, bizim işimiz quyuya atılmış Yusifdən ibrət almaqdır. (Nemətulla Yıldız)

Yusif surəsi insanın necə kamil ola biləcəyindən bəhs edir. Allah kamil insanı Yusif peyğəmbərin timsalında təsvir edir.
Yusif surəsi sanki Quranı açan surələrdəndir. Onu başa düşəndə Quranın batini aləmi insanın üzünə açılar.

  • 1.Niyə quyuya atıldı!

Yusifin qardaşları onun məqamına, ağlına və istedadına dözə bilmədi, həsəd və qısqanclıqdan fəsad çıxardılar.  Bəzi qardaşları etdiklərinin səhv olduğunu bilsə də sükutu seçdi və zülmə səssiz qaldı. Buradan belə ibrət var ki, Allah sadəcə zülm etməməyi yox, həm də zülmün qarşısında səssiz qalmamağımızı da istəyir. Yəni sükunət də zülmə şərik olmaqdır.

Belə sual yarana bilər sizdə ki, Allah sevimli bəndəsinə niyə quyunu rəva bilir. Bu sualın cavabı növbəti suallarda öz əksini tapacaq.

  • 2. Hz. Yusif quyuda nə etdi?

Yusifi işıqlı aləmdən qaranlıq aləmə-quyuya atdılar.
Amma o qaranlıq aləm onun işığına çevrilərək quyunu aydınlatdı.
Quyudan qorxduğu üçün çıxmaq istəyirdi, amma Allah tərəfindən ona vəhy gəldikdən sonra qorxusu azaldı.

Yusif salamı yaymaq izzəti ilə şərəfləndi.

Yusifi axtarmaq üçün gəlmişdilər, lakin həmin an Allah Yusifə yuxu verdi ki, orada olduğu bilinməsin, çünki quyudan qurtulmaq vaxtı gəlməmişdi.

  • 3. Quyu nəyi simvolizə edir?

Quyu ona missiyasını öyrədən, yada salan, onu peyğəmbərliyin ilk toxumlarına dəvət edən çağırış idi. Yeni həyatın başlanğıcı idi.
Dərinlərə enmək yüksəlməyin başlanğıcıdır.

Quyu dünyadır, ya özümü tapacam bu quyuda, ya da quyunun qaranlıqlarında qərq olacağam.

Quyu Yusifin qorxusuna qalib gəldiyi məkan idi.
Quyuya atılanda hər nə qədər qorxurdursa, əslində quyunun içində bir o qədər rahat idi.

Yusif quyuda təfəkkür etdi, quyuda zikr etdi Rəbbini, Yaradanına əminliyi artdı.

  • 4. Bizim hansı quyularımız var?
  • 5. Quyuda olanda nə edirik?
  • 6. Necə qurtuluruq ordan?

Quyuya düşmədən yüksək məqama çata bilməz insanoğlu.
Mənim quyum məni aydınlığa çıxaracaq sıxıntıdır.

Həqiqi özümüz elə bizim quyumuzdur.
Bizim quyumuz daxilimizə enib özümüzü görməkdir, kəşf etmək, özümüzlə tanış olmaqdır.
Rəbbimizin göstəricisi daxilimizdəki o quyudadır.
Quyumuza enib özümüzü tanısaq necə gözəl olar hər şey.

Quyu nə deməkdir?

Quyu Allahın bizə olan sevgisi və ümididir.
Bizə verdiyi fürsətdir özümüzü tanımaq üçün.
İnsanoğlunu özünə yaxınlaşdırmaq üçün vasitədir.
Quyumuz bizə ilk çox qorxulu və qaranlıq gələcək. Sonra aram-aram bu qorxu azalacaq, yerini Rəbbinə əminlik əvəz edəcək.
Sən Quran nuruna qovuşacaqsan!

Bu artıq xilasdır, ipdir, ey Adəmoğlu!
Cəhddir… Duadır…
İp-xilas-ixlas
Sənin ixlasına səbəb olan ip sənin xilasın olacaq.

Lakin iplə bitmir hər şey, quyudan xilasımız, ixlasımız yalnız ipin məqsədindən aslıdır.

Bizi quyudan çıxaran ip Qurandır.
Dünyaya gəldiyimizdə biz də o quyunun dibinə girərik. Sonra  Quran ipi bizi o quyudan çıxarar.
Quranda elm var, dirilik var və gətirdiyi bir səbir var. Onlar bizi yavaş-yavaş quyudan çıxarar.
Bizi Allahın həqiqətinə doğru oyandırar.

Bəs sən içindəki quyunu kəşf edə bilmisənmi, ey dost?