“Zünnunu da xatırla ! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, qaranlıqlar içində o, belə səslənmişdi: “Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. ” (Ənbiya surəsi, 87)
Uca Allah Yunus (a.s) peyğəmbəri indiki İraqın Mosul vilayətində yerləşən Nineva xalqına göndərmişdi.
Yunus peyğəmbər Nineva əhlini dəfələrlə haqq yola çağırsa da bir fayda verməmişdi. Belə olan halda Yunus peyğəmbər onlara Allahın əzabını vəd etdi və lazımi səbir göstərməyib qəzəblənərək çıxıb getdi.
Yunus adamlarla dolu bir gəmi ilə yola çıxdı. Gəmi içərisində olan yüklərə görə dənizin ortasında batmağa başlayanda adamlar püşk atıb yükü azaltmaq qərarına gəldilər və Yunus püşkdə uduzanlardan olduğuna görə dənizə atıldı.
Bədəninə heç bir xəsarət yetirmədən bir balıq onu uddu.
Yunus qissəsi məsuliyyətin önəmini bizlərə öyrədir. Məsuliyyətdən qaçmaq öz yükünü atmaq deyil, öz yükündə ağırlıqda batmaqdır.
Zinnun- Balıq sahibi
Böyük balıq nədir? Bir çox təfsirçilər fərqli və ya bənzər izahlar verərək ayədə həqiqi balıqdan söhbət getdiyini düşünmüşdürlər. Lakin Quran simvolik mənalarla dolu kainat kitabı olduğu və ayələr çoxmənalılıq ehtiva etdiyi üçün biz tarixi nöqteyi-nəzərdən yanaşdıq.
Bir sıra dəlillər bizə Yunusun, həqiqətən də, BÖYÜK BALIĞIN SAHİBİ -Assuriyanın hökmdarı olduğunu düşünməyə əsas yaratdı. Təsadüfi deyil ki, Assuriya imperiyasının xəritəsi ağzını dənizə açmış böyük balığa bənzəyir.
Balığın qarnındakı o sıxıntı və qaranlıq Yunusu Rəsul kimi yetişdirirdi.
Balığın qarnı sıxıntıdır, çox kiçik bir yerdə sıxılırsan və o sıxlıq səni parçalamaq istəyir. Bəs sonra?!
Sıxıntıdan sonra gələn genişlik ruhunu aydınladar.
Balığın qarnı nemət imiş Yunusa.
Balığın qarnı
Okeanın dibi
Və gecənin qaranlığı.
Bəs balığın qarnına düşməyinin səbəbi nə idi?
Zənnə qapılmaq və Allahın Müqtədir isminə şübhə etmək.
Doğru yola şübhə edəndə, özünə şübhə edəndə insanoğlu da qaranlığa düşür.
Balığın qarnından bizi aydınlığa çıxaran isə düşünmək, həqiqəti görə bilməkdir.
Allahın nuru ilə qaranlığını işıqlandırmaq.
Nur imanın başlanğıcıdır.
Ayənin növbəti hissəsinə nəzər salaq:
“Həqiqətən, mən zalımlardan olmuşam”.
Kimdir zalım?
Tövbə etməyən zalımdır.
Özünə zülm edən zalımdır.
İnsanoğlu nə zaman özünə zülm edir?
Neməti özündən biləndə,
Səbirsiz olanda,
Ümidsizliyə düşəndə,
Ədalətsizliyi gördüyü halda susanda…