“Qurandan məktub var – 22”

“Qurandan məktub var – 22”

“Ona iki yolu- haqq və batil yolunu göstərmədikmi?
O isə sərt yoxuşu aşmağa can atmadı.
Sən nə bilirsən ki, sərt yoxuş nədir?” (Bələd surəsi, 10-12)

“Dümdüz yollar təcrübəli sürücülər yaratmaz”. (Paulo Koelyo)

Nədir yoxuşlu yol?

“Sərt yoxuş”un nə olduğu ayədə belə açıqlanır: O bir kölə azad etməkdir. Yaxud yetimi və ya miskini doyurmaqdır. Sonra da iman gətirib, bir-birinə səbr, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd, 90, 13-17)

Sərt yoxuş həmçinin yolun yuxarı qalxma xəbərdarlığını bildirən işarədir.

Sərt yoxuş nemətin başlanğıcıdır.

Allah mərhəmətindən dolayı insanlara Quran vasitəsilə  başdan sona baxmaq istəyənlərə, gözlərini haqqa çevirmək istəyənlərə doğru və yalnış yolu izah etmişdir.
Allahu Təala buyurur: “Mən hər iki yolu- haqqı da, batili də göstərirəm quluma”.

Sonra sərt yoxuşdan bəhs etmiş, sərt yoxuşun nə olduğunu soruşmuş, növbəti ayələrdə isə bu yolu keçməyin qaydalarını izah etmişdir.

Allah yolu öz seçimimizə buraxıb. Sən özün öz yolunu müəyyən edirsən.

Ya əbədi izzəti- yoxuşu aşmağı seçirsən.
Ya əbədi zilləti- yoxuşdan özünü atmağı seçirsən.

İnsan nə zamana yoxuşa can atar?
Güvənərkən və əmin olarkən. İnam və cəsarət olduqda.  Kimə?  Yol göstəricimiz, həqiqi müəllimimiz Allaha.

Çətin yola can atmaq sevməkdir, cəsarətdir.
Çünki sevgi məsuliyyət tələb edir. Yolun məsuliyyətini çiynində daşıyırsan. Kimi sevmək? Çətinlikdə bizə mərhəmət edəni- Rəhmanı.

Yoxuşda səbr göstərmək

Səbr etmək- səbr əslində bir şeyi tutmaq, saxlamaq, hərəkətinə mane olmaq, dirəniş göstərməkdir.
Səbr etmək əlindən gələn hər şeyi edib, problemə mane olduqdan sonra Allaha sığınıb hər şeyin yaxşı olacağını gözləməkdir.

Yoxuşlu yolda səbr Allahdan əmin olmaqdır. Çünki o hər çətinlikdə bir asanlıq vədd edib.

Sərt olmayan yoxuşa qaçanlar Allahdan əmin olmayanlardır.

Sərt yoxuş isə ümiddir.

Bu yol cihad, cəhd, səbr tələb edir.
Yoxuşu aşmaq faydalı olmaqdır.
Sən özün o yolu yaşamamış insanlara bu barədə tövsiyə edə bilərsənmi?

Qarşılaşdığın çətin yoldur, lakin əbədi yurdda gözəlliklə qarşılaşacaqsan.

Yoxuşun sonu yüksəkdir. Yıxılırsan, yorulursan, amma sonu səni yuxarı-gözəlliyə aparır.

Əlbət, asan deyil yoxuşu aşa bilmək.

Paylaşmağı bacarmaq gərək, dost!
Sevgini paylaş, təbəssümünü paylaş, malını paylaş.

Paylaşmadıqlarımız ağırlıq olar üzərimizdə, ruhumuzu çökdürər və yoxuşu aşmağa mane olar. Fəqət paylaşarkən xəfifləyər ruhumuz, yüngülləşər yükümüz və o sərt yoxuş aşılar.

Sərt yoxuşu aşmaq üçün əllərimizdən tutan dosta ehtiyacımız vardır. Kimdir o dost?!
Həmin dost sevgimizi paylaşdığımız bir yetim, bir yoxsul.
Onlar tam da yoxuşdan aşağı yıxılarkən tutub dayandığımız çiçəklərə bənzər.

Biz o çiçəklərə tutunmaqla ayağa qalxırıq.
Onların əlindən tutub sərt yoxuşu aşırıq, zirvəyə- gözəlliyə şahid oluruq.
Sərt yoxuşdan qorxmayaq! Gəl düşünək, düz yolla yüksəyə çıxmaq olurmu?
Əlbəttə, yox!

Düz yolla yüksəyə çıxmaq olmaz. Yüksəklik yoxuşla başlar.

Düz yolda geriyə baxsan nə görərsən?
Heç bir şey.
Bir az getdikdən sonra yolun izi itir.
Lakin yoxuşdan baxsan böyük pillələri, yaşadığın çətinlikləri bir-bir görə bilirsən. Sərt yoxuş bizə xatırladır – hansı yollardan gəlmisən?

Sərt yoxuş toxumdur.

Toxumlar da sərt olur. Toxumlarda sərtlik onu xarici zərərlərdən qorumaq üçündür. Eynilə yoxuşun sərtliyi kimi.

Sərtlik mühafizədir. Yaşam boyu qarşılaşdığımız çətinliklər bizləri zərərlərdən qoruyar.

Ey dost! Sərt yoxuşu sevək və məni sərt yoxuşlara baş vurmağa sövq edəcək məqsədim nədir?-sualına cavab axtaraq.