“Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan etdiyi əməllərinə baxacaqdır. Kafir isə: “Kaş ki mən torpaq olaydım!” – deyəcəkdir.” (Nəbə, 40)
Ayədə nəzərdə tutulan gün əməllərimiz ilə haqq-hesaba çəkiləcəyimiz gün olan qiyamət günüdür. İnsanlar Allaha qovuşmaq üçün torpağı istəyir, kafirlər isə o günün əzabından qurtulmaq üçün torpağı arzulayır.
1) Quranın bir çox ayəsində Allah iman edənlərə infaqı əmr edər. Yer üzündə ən gözəl infaq nümunəsi torpaqdır, çünki verdikcə verər və neməti azalmaz, əksinə artar ki, Allah da infaq edənlərə nə qədər çox sədəqə versə o qədər bərəkətinin artacağını deyir.
Kafirlər infaq etməz, infaq edənə də mane olar.
Torpaq isə infaq edər və qarşılığını güdməz, minnət etməz.
Torpaq olmaq faydalı olmaq deməkdir. Allahın mükafatını faydalı olanlar qazanacaq.
Torpaq olmaq rahatlıq, sükunət, hüzur örnəyi olmaqdır.
Torpaq olmaq yaxşılığa dəvət etməkdir.
Torpaq olmaq müttəqi şəxs kimi olmaqdır. O sadəcə Allahın razılığını qazanmır, həm də cığır açır ki, digərləri də faydalı olsun.
Torpaq olmaq sevgidir, məsuliyyətdir.
Torpaq olmaq ətrafımıza sevgimizdən, əlimizdəki olandan qat-qat artığını qaytarmaqdır.
Torpaq bizim özümüzdür.
Gəldiyimiz və gedəcəyimiz yerdir.
Onu davamlı xatırlamalıyıq.
Kaş ki torpaq olardım deməmək üçün.
Qafil olmamaq üçün…
Oxu!- deyir Rəbbim.
Torpağı oxuyaq, nə demək istədiyini duyaq,
Gec olmadan ünsiyyət quraq onunla.
Torpaq bizi Yaradılış missiyamızı, mahiyyətimizi unutmamağa səsləyir.
Kafir torpaq kimi faydalı, verilən sevgini qat-qat geri qaytaran, yetişdirən, təvazökar ola bilmədiyi üçün peşmandır.
Torpaq olmaq üçün şans istəyir.
Kafir sözü “küfr” sözü ilə eyni köklüdür, mənası “örtmək” deməkdir. Kafir torpaq olub, öz əməllərini, pisliklərini örtmək və yerində yaxşı toxumlar cücərtmək istəyir.
Torpaq olub fitrətə qayıtmaq istəyir. İlk halına, Yaradanın onu yaratdığı pak halına qayıtmaq istəyir.
Pis əməllərdən uzaq, təmiz, pak əməl sahibi olmağı arzulayır.
İnsanoğlu pis əməllər etdikcə, xeyir olmayan düşüncə və istəklərdə olduqca təmizliyi və paklığı gedir.
Kaş ki torpaq kimi təmiz olaydım.
Yunus Əmrə deyir:
Xor baxma sən torpağa,
Torpaqda nələr yatar?
Bax nə qədər övliya,
Yüz min peyğəmbər yatar.