Bu dəfə üzərində təfəkkür edəcəyimiz ayə qarışqalar haqqında olacaq.
Quranda qarışqa adını daşıyan “Nəml” surəsində Hz.Süleyman ordusu ilə qarışqaların üz-üzə gəlməsi barədə danışılır:
Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda dişi bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”.
Qarışqalar haqqında bu günə qədər saysız tədqiqatlar aparılıb və hər dəfəsində əldə olunan yeni biliklər ayənin mahiyyətini daha dərindən izah edib:
1. Ayədə istifadə olunan “yahtemannakom” kəlməsi qarışqaların ekzoskeletləri araşdırılmağa başlandığında diqqətləri üzərinə çəkdi.
Belə ki, bu ifadə “xıncınlamaq” mənasında istifadə olunur, qarışqaların ekzoskeletləri isə ( xarici skelet) “chitin” adı verilən maddədən yaranıb. Bu maddə sayəsində qarışqa bədəni balıqqulağı, ilbiz çanağı kimi əzildikdə şüşə kimi sındırılır.
2. Ayədə məhz dişi qarışqaya vurğu edilir. Quranın endiyi dönəmdə 600-cü illərin I yarısında qarışqalar haqqında məlumatın olmadığı dövr idi və İncildə qarışqalar haqqında “onların lideri yoxdur, başçısızdırlar”- inancı geniş yayılmışdı. Lakin hər birimizə məlum olduğu kimi qarışqalar sistem halında yaşayan dünyanın ən ağıllı canlılarındandır və kraliça arı koloniyaları idarə edir.
Bu kiçik canlılar torpağın altındakı yuvalarında bir tərəfdən qida tədarük edir, bir tərəfdən balalarının qayğısına qalır, bir tərəfdən də koloniyalarını qoruyur və düşmənlərinə qarşı mübarizə aparırlar.
Hətta “dərziliklə”, “əkinçiliklə” məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları da vardır.
Aralarında güclü ünsiyyət şəbəkələri olan bu kiçik canlıların həyatını araşdırdığımız zaman onların heç bir canlı ilə müqayisə edilməyəcək dərəcədə üstünlüyə sahib olduqlarını görürük.
Qarışqa ailələrində hər kəs üzərinə düşən vəzifəni yerinə yetirir. Onlar öz istəkləri üçün deyil, koloniyanın uzunmüddətli olması üçün çalışırlar.
Allah Quranda canlılar üzərində yaratdığı nemətlərə baxaraq düşünməyimizi buyurur.
Nəyə görə dişi qarışqa “Süleyman hiss etmədən sizi tapdayıb məhv etməsin” -deyir!? Ayənin hikmətini təfəkkür etdikdə görürük ki, inanan insanlar, görən gözlər bilə-bilə heç bir varlığa zərər verməzlər.
Hz. Süleymanın (a.s.) qarışqanın bu sözlərinə gülməsi, onun danışmasına və tədbirli hərəkət etməsinə olan heyrətindən və Rəbb’inin ona bəxş etdiyi bu səltənətin böyüklüyündən, qarışqanı anlaya bilmə nemətinin ona bəxş edilməsindən duyduğu sevincdəndir.
Bəs çox kiçik ölçüyə malik qarışqalar bizə hansı mesajları verir?
Səmada nizamla qanad çalan quşlar kimi yerdə də qarışqaların nizamla düzülməsinin hikməti nədir?
Nizamsız həyat ömrü faydasız şəkildə başa vurmaqla nəticələnər. Bütün aləmlər bir nizam içərisində yaradılmışdır. Bizlər də həyatımızda nizamı tətbiq etməliyik.
Qarışqa varlıq aləmində əbəs yerə yaradılmamışdır.
Onların nümunəvi çalışqanlığı yaradılışın hikmətlərindən biridir. Əslində hər varlıq Yaradanın varlığının və misilsiz qüdrətinin dəlillərindən biridir. Qarışqa bunlardan yalnız biridir.
Ey insanoğlu!
Bütün aləm Adəmdən bir parça olduğu üçün qarışqaların da bizlərə çatdırmaq istədikləri mesajlar vardır.
Qarışqa – rabitə öyrədici. İnsanlar arasında mühüm problemlərdən biri ünsiyyət, rabitədir. Qarışqalar isə çox güclü rabitəyə malikdirlər. Bu səbəbdən də təhlükə qarşısında bir-birlərini xəbərdar edə bilirlər.
Qarışqalar cəmlik simvoludur. Onlar bilirlər ki, tək şəkildə yaşamı sürdürmək mümkün deyil. İnsanlar da həyatda qalmaq üçün koloniyalar şəklində yaşamalıdır.
Yaşamın sirrini öyrənmiş qarışqa olmaq ümidi ilə.