“Qurandan məktub var – 19”

“Qurandan məktub var – 19”

“Yuxunuzu istirahət vasitəsi etdik. Gecəni örtük etdik. Gündüzü də çalışıb ruzi qazanma vaxtı etdik.” (Nəbə, 9-11)

Yuxu nədir?
Nəyə görə gecələr yatırıq?
Yuxu istirahəti necə təmin edir?
Qəflət yuxusu nədir?
Gündüz ruzi qazanmaq vaxtıdır, bəs ruzi nədir?

Yuxu— beyinin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses.
Yuxu zamanı zədələnmiş hüceyrələrimiz bərpa olunur, gün ərzində aktiv fəaliyyətdə olan beyin və digər orqanlarımız yuxuda öz fəaliyyətləri üçün lazım olan enerjini bərpa edirlər. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

Ayədə buyurulur:

9.”Yuxunuzu istirahət vasitəsi etdik”.

İstirahət etmək üçün yorulmaq lazımdır. Yəni iş görməli, fəaliyyətdə olmalı və yorulmalıyıq.
Səbəbi isə yuxunun haqqını verə bilməyimizdir. Əgər insanoğlu yuxunun haqqını verə bilməsə yuxu öz məqsədindən çıxar.
Yuxunun məqsəddən çıxması?
Düzdür, qəribə səslənir. Lakin təfəkkür etdikdə fərqinə varırıq ki, əslində biz bədənimizi harada yorduğumuzdan məsuluq.

Harada yoruluruq?
Faydalı işlər görübmü yoruluruq?

İşlə, dincəl, amma həddi aşma.
Yuxusunun haqqına girən öz sağlamlığına ziyan vurur. Günortaya qədər yatıb, gecə oyaq qalmaq bütün sistemi korlayır!

Allah hər zaman tərəzini qoruyur!

Bəs insanoğlu balansı pozduqda nə baş verər?

Bax, bu zaman qəflət yuxusu ortaya çıxır.
Çox eşitmisən bu sözü, dəyərli oxucu!
Bu gün də bizim məktubumuzdan oxu!

Qəflət xəbərsiz olmaqdır.

Qafil olmaqdır.

Nəsiminin qələmindən duyaq:
  Ey özündən bixəbər qafil oyan!
  Həqqə gəl kim həq deyil batil, oyan
  Olma fani aləmə mail, oyan
  Mərifətdən nəsnə qıl hasil, oyan!

Qəflət yuxusunda olmamaq üçün isə bir çox sualların cavabını tapmalıdır insan.
Haradan gəlmişəm və haradayam, bəs gedişim haradır?
Yaşamaq, dünyaya gəlmək məqsədim nədir?

Daha sonra buyurulur;
10. Gecəni örtük etdik.

Gecə nəyi örtür?
Biz nəyin üzərini örtürük?
Qorumağa çalışdığımız, heç kimin görməsini istəmədiyimiz, saxladığımız, gizlədiyimiz şeylərin.
Gecələr imanımızı təzələmənin, özümüzü sorğu-suala çəkmənin, düşünmənin, təfəkkürün zamanıdır. Gündüz etdiklərimizi örtmək üçün bir libasdır sanki.

Gecə hər yer qaranlıq olur. (Allah da bizim rahat yatmağımız üçün “işıqları” söndürür).

11. Gündüzü də çalışıb ruzi qazanma vaxtı etdik.
Ruzi ilk baxışda bizim ehtiyacımız olan qidalardır. Biz gündüz vaxtı ehtiyacımızı qarşılamaq üçün işləyib pul qazanırıq və ya öz bağımızda becəririk.

Lakin gündüz ruzi qazanmaq dediklərində təkcə pulmu nəzərdə tutulur?!
Etdiyimiz yaxşılıqlar, xeyir adına gördüyümüz işlər də bizim ruzimiz deyilmi?

Ruzi – razi
Rəbbim, mənə sənin razı qalacağın işlər görmək üçün ilham ver!

Nədir bizim ruzimiz?
Ruzimiz əməllərimiz, etdiklərimiz, zəhmətimizlə çalışdıqlarımızdır.

Yatmaq insanın təbii ehtiyacı olduğu kimi gündüzləri də çalışmaq, faydalı olmaq, Allahın razı qalacağı işləri görmək, ibadətdə olmaq da bizim təbii ehtiyaclarımızdandır.

Orxan Vəli deyir:

Sizin üçün, qardaşlarım,
Hər şey sizin üçündür;
Həm gecə, həm də gündüz sizin üçün ;
Gündüz gün işığı, gecə ay işığı;
Ay işığında yarpaqlar;
Yarpaqlarda maraq;
Yarpaqlarda ağıl;
Gün işığında min bir yaşıl;
Sarı da sizin üçündür, çəhrayılar da;
Dərinizin əlinizə dəyişi,
İstilik,
Yumşaqlıq;
Yatarkən rahatlıq…