“Qurandan məktub var – 18”

“Qurandan məktub var – 18”

“Bitkilər də, ağaclar da səcdə edir”. (Rəhman, 6)

Dəyərli oxucu, Allaha ibadətin bol olduğu Ramazan ayının 18-ci günündə qərara aldıq ki, sənə etdiyin səcdə haqqında araşdırdığımız məktubu təqdim edək.

Sənlə birgə təfəkkürə edək.

Səcdə nədir? Bitkilər və ağacın faydaları? Onlar necə səcdə edir?

Qulun Rəbbinə ən yaxın olduğu an səcdə anıdır. Səcdədə duanı çox edin.
Hz. Məhəmməd (s.ə.s)

Lüğətdə “təvazökarlıqla rüku etmək, alnını yerə qoymaq” mənasını verən səcdə fiqhi termini namazda alnı, burnu, dizləri və ayaq barmaqlarını yerə dəyəcək şəkildə qoymaq mənasına gəlir.
Səcdə ilə eyni kökdən çıxan və “səcdə edilən yer” mənasını verən məscid, Allaha ibadət edilən yer və xüsusən də müsəlmanların ibadəti üçün istifadə olunur.

Səcdə və eyni kökdən çıxan sözlər Quranda həm “təslim olmaq” mənasında, həm də termin mənasında səksən bir ayədə bəhs edilmişdir.

Ayənin sözlərinə nəzər salaq:
1:  və nnəcmu nəcm (bitkilər-ulduzlar) نجم
2:  və şşəcəru və ağaclar  شجر
3:  yəscudani səcdə etməkdədirlər سجد

6-cı ayədə “köklü bitkilər” kimi tərcümə etdiyimiz nəcm sözü, taxıl və ot kimi gövdəsi olmayan bitkilərə işarə edir. Bu söz “ulduz” mənasını versə də, burada əsas götürdüyümüz mənada işlədildiyi, ümumiyyətlə, qəbul edilir. Ağaclara və digər bitkilərə səcdə etmək, onların istəkləri olmadan Allahın qanunlarına tabe olmaları deməkdir. Bu, ağıl neməti və iradə gücü verilən insana, şüurlu bir seçim nəticəsində ona itaət etməyin dəyərini, əmr və qadağalarına tabe olmasını və bu səbəbdən istifadə etməsi şərti ilə ona verilən şərəfi xatırladır.

İndi isə bitkilər  haqqında məlumata nəzər yetirək.

Bitkilərin varlığı yer üzündəki canlıların həyatı üçün çox vacibdir.
Bitkilər yarpaq vasitəsilə karbon qazı qəbul edir və havanı oksigenlə zənginləşdirir.Bir ağac il ərzində təxminən 120 kq oksigen buraxır.
Bitkilər heyvanlar üçün həm qida verir, həm də sığınacaqdır. Hələ qədim zamanlardan bəzi xəstəliklərin müalicəsində bitkilərdən istifadə etmişlər. Hazırda Azərbaycanda dərman bitkilərinin 1545 növü vardır.

Ağac və bitkinin faydaları bunlardır:
1) Atmosfer çirklənməsinin qarşısını alır;
2) Təbiəti oksigenlə zənginləşdirir;
3) Suyun təmizlənməsi və tənzimlənməsinə yardım edir;
4) İqlim dəyişikliyinə adaptasiya olmağa yardım edir;
5) Enerji qənaətində rol oynayır;
6) Şəhərdə estetik baxımdan xoş mühit yaratmağa kömək edir;
7) Çirkləndirici maddələri (dəm qazı, kükürd , azot qazı və digər zəhərli maddələri) qəbul edərək təmiz hava yaradırlar.

Səcdə nədir?

Səcdə Allaha təzimdir.
Bir şey qarşısında təzim etmək o deməkdir ki, biz o şeyin əzəmətli olmasına etiqad və inamımız vardır və bu böyük əzəmətin qarşısında baş əyirik. Biz Allah qarşısında təzim edib, onun əzim sifətlərini deməklə onun əzəmətinə etiraf edirik.

Səcdə ruhunla bütünləşmə anıdır.
Səcdə sıfıra yaxınlaşmadır.

O an biz boyutumuzu dəyişirik. Ana bətnində olduğumuz formaya qayıdırıq.

Tarazlıq=səcdə.
Səcdə- qulun hüzura yaxın duruşu

Nə zaman səcdə edirik?

Bağışlanmaq istəyəndə, şükür və dua edəndə.

Ey insanoğlu! Ətrafımızda gördüyümüz hər şey Uca Allahın sonsuz hikmət və fəzilətinin göstəricisidir.

Birlikdə ağac və bitkilərin səcdə edərək insanlığa verdiyi mesaja diqqət edək!

Bitkilər və ağaclar necə səcdə edir?
Faydalı olmaqla səcdə edər ağac.

Ağacların formasını-çətrini gözünüzün önünə gətirin. Səcdə deyilmi?

Ağacın və bitkilərin il ərzində keçdiyi dövrlərə nəzər salsaq görərik ki, qışda sadəcə quru budaqları olan ağac yazda çiçəklənir, yarpaq açır, daha sonra yayda bar verir və payızda meyvələri dərilir. Daha sonra bu proses yenidən təkrarlanır. Yalnız bu periodlardan keçən ağac meyvə verə bilir və başı aşağı əyilir.

Ağac bar verəndə başını aşağı əyər. (Atalar sözü)

Yaradılışa qarşı çıxmayan ağaclar bütün varlıqları ilə ibadətdədirlər.
İbadət xeyir adına birləşməkdir.

Yaradılışa xidmət, faydalı olmaq və faydalı olanları yetişdirə bilməkdir onların ibadəti.

Ağaclar təvazökarlıq simvoludur.
Onlar faydalı olmalarından təkəbbürlənməz. Çünki bilirlər ki, bu onlara Allahın bəxş etdiyi vəzifədir.
Səcdə ağacın təvazökarlığıdır.

Heç fikir vermisinizmi?
Göyə doğru ucalan budaqlar nədən başlarını aşağı əyirlər. Bəlkə də, torpağa təşəkkür edirlər onları qidalandırdığı üçün.

Ağac torpağın, yağışın, günəşin şükrünü verməsə necə faydalı ola bilər ki?!

Necə ki, ayədə deyilir: “Şükür edin ki, sizə olan nemətimi artırım”.
Ona görə ağac və bitki bu qədər xeyir, fayda verir.

Bəs biz  şükür etməyi bacarırıqmı?

Ey dost, sən səcdənin haqqını verə bilirsənmi?