“Qurandan məktub var – 16”

“Qurandan məktub var – 16”

“O gün insanlar ətrafa səpələnmiş pərvanələr kimi olacaqlar”. (Qariə, 4)

Aldanmaram hər məhvəşə, söz vermərəm hər dilkəşə,
Pərvanətək mən atəşə düşüb də büryan olmaram.

(X.Şirvani)

Gəl baxaq, pərvanə nədir? Niyə o gün insanlar pərvanəyə bənzədilir? Niyə pərvanələr işığın ətrafında fırlanırlar? Onlar haqqında hansı doğru bildiyimiz yanlışlar var?

Ayəni tam anlamaq üçün öncə kəlmələrin tək-tək mənalarına baxaq.

Yevme yekûnun nâsu kel ferâşil mebsûs
Yevme yekunu-  o gün, o an, o zaman
En-nâsu : insanlar
ke el ferâşi: 1) kəpənəklər, pərvanələr kimi; 2) dolanmaq
El mebsûsi: 1) yayılmaq, dağılmaq, səpələnmək; 2) bildiyindən qopub boş dolanmaq

İnsanlar o gün həqiqət bildiklərinin yanlış olduğunu anlayıb, kəpənəklərin və pərvanələrin ətrafda boş və məqsədsizcə uçduqları kimi izdiham və çaşqınlıqla bir-birinin ətrafında dolanacaqlar.

Pərvanələr istiqamətlərini ay işığına görə tapırlar. Onlar uçmağa başlayanda işıq bəlli bir tərəfdən gəlir. Əgər pərvanə bu işıq istiqamətində heç dəyişmədən uçarsa düz uçmuş olar. Ay çox uzaq olduğundan pərvanələr hərəkət etsələr belə ay işığının istiqaməti dəyişməz.

Bəs pərvanələr küçə lampalarını, şamları ay zənn etsələr nə baş verər? O zaman düz uça bilməzlər. Çünki işıq lampaları aya nəzərən çox yaxındır və pərvanələr işıqdan bir az uzaqlaşdıqda işığın düşmə bucağı dəyişir. Pərvanələr də istiqamətlərini təyin etmək, düşmə bucağını düzəltmək ehtiyacı duyarlar. Lakin olduqları yerdə dövrə vurarlar. Onları cəzb edən nə işığın cazibəsidir, nə də istilik. Sadəcə istiqamət sistemləri onları yanıldır.

Bəzən doğru bildiyimiz şeylər əslində doğru olmaya bilər.  Ətrafında dövr etdiyimiz işığın cazibəsinə qapılmış ola bilərik. Buna görə də hərdənbir durub düşünmək, doğru bildiyimiz şeylərdən əmin olmaq, nələrinsə yaxşıca fərqinə varmaq lazımdır. Çünki bəzən doğru bildiyimiz yol bizi uçurumlara aparar.

Quran bir ümmandır, biz ümmandan bir damlanı- “pərvanələr”i götürüb təfəkkür etməyə çalışacağıq.  Baxaq görək, bizi doğru yoldan azdırıb öz ətrafında pərvanətək döndərən hansı şeytani işıqlar var?

Pərvanənin işığı bütləşdirməsi

Pərvanənin yaradılışında, fitrətində Allaha doğru yönəlmək üçün yol göstərən xüsusi “sensor” yerləşdirilmişdir. Lakin pərvanələr digər işıqları görəndə məst olar, onun ecazkarlığına aşiq olar və Allahın doğru yolundan – hidayətdən uzaqlaşarlar.

Quran ayələri bizə hər zaman bərabərliyi, cəm olmağı, Allahın doğru hidayət yolunu tutmağı məsləhət görər. Bəs bizi bir istiqamətə yönəldən, cəmliyimizi qoruyan fitrətimizə yazılmış ay işığımız nədir?

Allahın vəhyi

Allah bizə nəfsə zülm etməyin haram olduğunu, buna görə də şəhvani, boş və hədər, dünyəvi arzuların arxasınca qaçmağın bizi həlak etdiyini deyir. Müsəlmanının həm bədəninə, həm ruhuna əziyyət etməsi onu doğru yoldan uzaqlaşdırır.

İşıq sevdalısı pərvanələr
Bu sevda onları haralara aparır? Nələr yaşayırlar pərvanələr bu sevdanın uğrunda?
Hey dönürlər işığın ətrafında və sonda da səssiz-sədasız yanırlar. Üsyan etmədən, qarşı gəlmədən…
Sevda sandıqları şey əslində onları həlak olmağa aparan yol idi.

Halbuki Allah biz insanlara ağlımızı işlətməyi, təfəkkürü əmr edir.

Pərvanə kimi boş sevdanın ardınca gedərkən sərf etməyək ömrümüzü.

Pərvanəni necə tanıyırıq biz?  İşığın ətrafında dövr etməsi ilə.
Dövr edir və yanır.
Yanmağının səbəbi Aya deyil, süni işığa can atmasıdır.
Ona lazım olmayan süni işığı bütləşdirdiyi üçün yanır.
Halbuki onun fitrətində aya yönəlmək var.
Sən demə fitrətinə qarşı çıxırmış pərvanə.
Həqiqi sandığı, fəqət yalan sevgiyə qanad çalırmış.

Ayədə buyurulan “səpələnmək” sözünün bizə verdiyi mesaj da məhz budur:
Öz nəfsinin ardınca qaçanda işıqdan-vahid həqiqətdən uzaq düşürsən, səpələnirsən, cəmliyi pozursan.

İnsan pərvanə kimi arzularının arxasınca uçur. Məqsədsizcə dönüb dolaşdığımız dünya min illərdir öz məqsədi ilə dövr edir. Lakin heç düşündükmü, yer kürəsi bir an amalından, məqsədindən dönsə nə baş verər?

Təbiət öz axarında Allahın təyin etdiyi fitrətinə qoyduğu hədəfə doğru davamlı şəkildə gedir. Bir bizik ki, kəpənək olmadığımız halda pərvanəsiyik nəfsimizin. İnsanoğlu başı boş kəpənəklər kimi ora-bura axışmasın deyə həyatına bir yön və istiqamət verməli.

Dəyərli oxucu, ən doğrusunu yalnızca alim olan Allah bilər, biz bir dəryadan bir damla götürdük və ondan ibrətlər almağa çalışdıq. Ümid edirik ki, biz də Hz. İbrahim kimi bütlərimizi qırıb həqiqi azadlığa – Allahın varlığı və birliyinə şahid olaraq yalnızca ondan istəyəcəyik doğru yolu. Bütləri qıran İbrahim ağıl sahiblərindən olduğu və təfəkkür edərək doğru yolu tapdığı üçün batil olanların atəşi ona toxuna bilmədi. Çünki İbrahim hənif müsəlman idi və hidayəti Allahdan təmanna edirdi. İsa peyğəmbərin dediyi kimi, “Allahdan istə! Verəcək”.

Bu məsəl ilə Allah nə demək istəyir?

Ey dost! Bəs sən hansı doğru yola aparan işığın pərvanəsisən?