“Qurandan məktub var – 15”

“Qurandan məktub var – 15”

“Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi…” (Maidə, 96)

Dənizdən və ya şirin su mənbəyindən əldə edilən qida maddələri ümumilikdə dəniz məhsulları adı ilə tanınır. Dəniz məhsulları arasında insanların ən çox faydalandığı və Quranda “təzə ət” kimi keçən balığın qida rasionumuzda xüsusi yeri vardır. Gəlin balığı tanıyaq:

Balıq- qəlsəməli, çənəağızlı onurğalı su heyvanı qruplarındandır.

Qəlsəmə nədir? Balığın tənəffüs orqanı olub, incə dəri təbəqəsinin altında qan damarları tapılar. Qan ətrafındakı sudan oksigen götürər, artıq olan karbondioksidi xaricə verər.

Balıqlarda hərəkətli çənələri, tək (bel, quyruq və anal üzgəcləri) və cüt üzgəcləri (döş və qarın) var. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərilərinin üzəri pulcuqlarla örtülü, bədən formaları çox müxtəlifdir.

Dərində yaşayan balıqların bədənindəki “fotofor” deyilən hüceyrələr sayəsində ovçulara qarşı xüsusi yanıltma xüsusiyyətinə malikdir. Bu hüceyrələr vasitəsilə iki fərqli maddə kimyəvi reaksiyaya girərək bioloji işıq yaradır. Bu fövqəladə hüceyrələr yuxarıdan süzülən işığı olduğu kimi təqlid edərək mükəmməl şəkildə qorunurlar.

Bilinənin əksinə: Balıqların yaddaşı qısa deyil.

Balıqlar keçdikləri hər bir çayın ətrini yadda saxlayır. Geri qayıdarkən həmin yerləri asanlıqla tapa bilir. Həmçinin görmə və eşitmə qabiliyyəti olmayan balıqlar yan xətləri vasitəsilə istiqamətlərini müəyyən edə bilirlər. Təbii “kompaslar” vasitəsilə balıqlar gedəcəyi yerləri asanlıqla tapa bilir.

Balıqlar suda necə hərəkət edir?

Balıqlar bədənlərini və quyruqlarını yelləyərək üzərlər.  Balığın bu hərəkəti, ilanın qurudakı hərəkətinə bənzər. Buna görə də onların bu hərəkətinə ilanvari hərəkət deyilir.

Balıqlar ürək xəstəliyini və iflicin qarşısını alır. Xolesterinin maddələr mübadiləsini nizamlar. Balıqda bol miqdarda olan Omega-3, damar genişlədən, aqreqasyon önləyici təsiri var. Şəkər xəstələri ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır.

Hər nə varsa Aləmdə, Hamısı var Adəmdə.

İnsan həm ağacdır, həm dəniz, həm bulud, həm də balıq…

Biz də dünya adlı bu okeanda balıqtək üzməyi öyrənirik.

Nədir üzmək?

Bəzən təslimiyyət, bəzən güvən, bəzən də itmək qorxusu.

Hələ atılan torlara düşmək.

Tor mənim qorxularım.

Tor mənim günahlarım.

Hansı ki azadlığımızı əlimizdən alar.

Sonsuz dənizlərə yelkən açmaq varkən ruhumuzu qorxulara zəncirləyər.

Bəzi balıqlar dənizin səthində üzərkən, bəziləri dərinliklərə baş vurarlar.

Kim çətinliklərə rəğmən dərinliklərə gedər?

Əlbəttə ki, cəsarətini ortaya qoyanlar.

Cəsarətsiz olanlar isə səthdə üzər və tor atılarkən ilk qurbanlar olarlar.

Bilirəm ki, hər kəsi tapan ölüm məni də mütləq tapacaq. Əsl vacib olan isə mənim həyatım və ölümüm başqalarına necə təsir edəcək?

( Səməd Behrəngi, “Balaca qara balıq”)

Balıqlar sudan kənarda yaşaya bilmirlər.
Çünki onlar əngin sular üçün yaradılmışdır. Bütün canlılar kimi biz insanların da yaradılış səbəbi var. İlkin olanı- insan olmaq.

İnsan olmaq nədir?

Salamı yaymaq: xoşbəxt etmək, mərhəmət göstərmək və daha neçə-neçə bu kimi gözəlliklərə mənzil olmaq.

Dəniz düşüncələrimizdir. Balıq isə düşüncələrdə axtarışda olan mükaşifdir.

Faydalı düşüncələrin dənizində üzmək bizləri gözəlliklərə doğru aparır. Faydasız düşüncələrdə üzmək isə bir balığın soxulcanın dalınca düşüb ovlanmasına bərabərdir.

Balıq sudan kənarda ölər. Düşüncəsizlik özü ilə bərabərində ruhun ölümünü gətirir.

Balıq olmaq istərəm.

Dərinliklərə dalmaq, orada gizlənmiş gözəllikləri tapmaq.

Gözəllik şahidi balıqlar

Dərinlikdə üzən balıqların bədən forması dəyişir, incə olur.

İncəlik həlimlik nişanəsidir.

Təmizlik işçisi- balıqlar
Köpək balıqları dənizlərin sanitarlarıdır.

Bəzi böyük balıqlar izn verir ki, kiçik balıqlar onların üzərindəki zəhərli maddələri təmizləsin.

Ətrafını təmizlə, salamı yay !-deyə çağırır onlar.

Balıqların ölçüsünün müxtəlifliyi “hər kəsin daşıya biləcəyi yükü vardır” mesajını verir insanlığa.

Faydalı olmaq nədir?-deyə soruşularsa, balıqlara nəzər et.

Yeyilərək orqanizmimizə faydalı maddələr ötürür. Eyni zamanda göz oxşayan gözəlliyi ruhumuzu oxşayır. Sakitliyi təlqin edir.

Buludmu olsam,
Gəmimi yoxsa?
Balıqmı olsam,
Yosunmu yoxsa?

Nə o, nə o, nə o.

Dəniz olmalı, insan,
Buludu ilə,
gəmisi ilə, balığı ilə, yosunu ilə…