“Göydən suyu endirən O’dur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür”. (Nəhl, 10)
İftarda bir stəkan su içəndə heç düşünmüsünüzmü?
Görəsən, bu su necə yaranıb?
Haralardan keçib süfrəmə gəlib?
Bitkilər necə su “içir”?
Yağış bizə nə öyrədir?
Onda insan üçün hansı ibrətlər var?
Yağış – atmosfer yağıntısıdır və buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşür. Yağış su dövranının bir mərhələsi olub xüsusi prosesdə yaranır:
Günəş şüalarının yaratdığı istilik nəticəsində göl, dəniz, okean və s. suları qızıb buxarlaşma prosesini başladır. Buxar (qaz) halındakı su isti olduğu üçün yuxarı qalxır və bulud formalaşdırır. Orada temperatur aşağı olduğu üçün soyuyaraq ağırlaşır. Soyumuş su qaz halından damcı halına keçir və bulud daxilində toplanır. Soyuq damcılar ağır olduğu üçün havada qala bilmir, yer üzünə düşür. Beləliklə, yağış yağır.
Kiçik su dövranı su yatağı ilə buludlar arasında, böyük su dövranı isə su yatağı ilə materiklər arasında dövr edir. Belə ki, külək buludları su səthinin üzərindən “qovaraq” quruya aparır, orada yağan yağış göllər, çaylar, yer altı qrunt suları yaradır və bu sualar yenidən okean/dənizə qayıdır.
Böyük su dövranı zamanı küləyin qovduğu buludlar dağlara çatır, yağaraq “yükünü boşaldır”. Dağlarda yağışmənşəli içməli suyu olan çaylar yaradır.
Bəzi içməli su ehtiyatı az olan regionlarda yağış suyu su tanklarında toplanır. Həmin sudan bitkiləri sulamaq, yuyunmaq, qab-qacaq yumaq, hətta içmək üçün istifadə olunur. Lakin bu, təhlükəlidir, çünki suyun tərkibində zərərli virus, bakteriya və mikroblar ola bilər.
Bitkilərə əsas lazım olan inorqanik maddələr karbondioksid, su və minerallardır.
Bitki suyu və suda həll olmuş mineral duzları torpağa nüfuz etmiş köklərin uclarında olan 1-2 mm-lik kök tükcükləri vasitəsi ilə sovurur və digər orqanlara ötürülür. Həmin su isə yarpaqlara ötürləndə yarpaqdakı məsamələr havadan karbondioksid qazını almaq üçün açılanda su da həmin məsamədən buxarlaşır.
Çoxlu su içən bitkilərin ətirli olduğunu bilirdiniz?
Məsələn, nanə susevən bitki olduğu üçün suyun bol olduğu yerlərdə, arxların iç tərəfində yetişir və eynilə, reyhan, ətirşah kimi bitkilər də sucanlı və ətirli olur.
Buludlar materikin daxilinə çata bilmədiyi üçün böyük materiklərin mərkəzləri səhralıq və quraq iqlimdə olur. Materik kənarları isə yağışlı olur.
Tez-tez yağış yağan ərazilərə həmişəyağıntılı deyilir ki, burada yüksək rütubət, bataqlıq və cəngəlliklər yaranır.
Gec-gec yağış yağan yerlər quraq olur və səhralaşma prosesi gedir.
Dağlar dəniz və okean üzərində formalaşmış yağış buludlarının materikin mərkəzinə daxil olmağa imkan vermir. Belə ki, dağın dənizə baxan yamacına yağıntı yağır, digər materikə baxan yamacına isə quru külək və yağıntısız buludlar çatır.
Yağışın həddən artıq yağmasına leysan deyilir ki , bu da çayların daşmasına və sel olmasına səbəb olur.
Yağışın iqtisad halı
Yağışın çoxu da, azı da fəlakətdir.
Çox olsa sel, leysan, az olsa quraqlıq.
Quranda deyilir ki, doğru yoldan azan ümmətlərə yağışdan verilər. Yəni zalım toplumlara ya yağış fasiləsiz göndərilir, ya da yağış üzünə həsrət qalırlar.
Yağış nə edir? Təbiətdə təmizlik işləri aparır.
Qayaları yuyur palçıqdan azad edir, yolları yuyur, tozdan azad edir, ağacların yarpaqlarını yuyur, tozunu təmizləyir ki, rahat fotosintez etsin.
Təbiətin təmizlik işçisi yağış
Bəs biz? Biz hansı təmizlik işini görürük? Kimin zehnini mənfi düşüncələrdən təmizləməyə cəhd etdik? Kimin həyatını asanlaşdırmaq, xeyir əmələ təşviqə cəhd etdik? Hansı ehtiyac sahibinin əlindən tutub, ona təhsil verməyə, kitab oxutdurmağa çalışdıq?
Yağışın böyük su dövranında daşıdığı rol kimi biz də “insan taleləri” adlı sistemdə tutduğumuz mövqedə öz bacarıq və potensialımızla sistemin dönməyinə müsbət faydalar verməliyik. Yağış kimi yağmalı, bərəkətləndirmək niyyəti ilə islatmalı insanlığı.
Bərəkət xəbərçisi yağış
Yağış yağan yerlər quranın dili ilə desək, “canlanar və həyat tapar”. Yağış suyundan içmiş torpaq məhsul yetişdirər və biz o məhsuldan yeyərik.
Yağış yağdığı yerə hüzur verir.
Yağış oyanışdır.
Ruhumuzun ehtiyacı olan dirçəlişdir. Ruhumuz yağışı sevir.
Ey insan, təmizlənməkmi istəyirsən?
Yağış sənə fürsət verir.
Səni pasdan, çirkdən təmizləyir.
Çünki sənin suyunun təmizlənməyə ehtiyacı var.
Başının üzərinə rəhmət yağışı yağır, xəbərin varmı?
Yağış damlası nemət və müjdədir.
Haydan xəbər vərən yağış, yağ, islat bizi!
Qurumuş toxumlarımızı islat, canlandır, ümidimiz ol!
Milyonlarla damlarla eyni anda müxtəlif yerlərə yağan yağış, birliyimiz ol!
Bir olan damlalar hansısa torpaqda hansısa bir toxumu qidalandırır.
Yağış təslimiyyətdir.
Allaha təslim olan özgürlüyü dadır.
Yağış olmaq nə böyük gözəllik.
İnsanoğlunu düşündürən bir sual- Bəs biz hara yağırıq?
Damlalarımız qəlblərdə çiçəkmi açdırır, yoxsa zəhər olub qəlbimizi bulandırır?!