“Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar”. (Furqan, 67)
Gəlin düşünək:
İsraf nədir?
Xəsislik nədir?
Orta yol nədir və necə tapmaq olar?
Ərəbcə “srf” kökündən gələn isrāf إسراف ” daşırma, həddi aşmaq, boşa xərcləmək” mənasını verir.
Bir şeyi lazım olduğundan artıq sərf etmək israfdır.
İsraf bərəkətin yox olmasına gətirib çıxarır. Xeyirdə israf, israfda isə xeyir yoxdur.
İsraf pulu, zamanı, malı, elmi və əlində olan digər şeyləri sənə və ətrafına fayda verməyəcək şeylərə sərf etməkdir.
Bəs israf ilə səxavət arasında fərqi necə anlaya bilərik?
Səxavətli insanlar özlərinə aid olan məhsulları bölüşməyi və paylaşmağı sevirlər. Kiməsə maddi və ya mənəvi baxımdan köməyə ehtiyacı olduqda yardım etmək səxavətli olmaq deməkdir.
Zaman ayırmaqla da xeyriyyəçilik etmiş ola bilərik.
Xəsislik- insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir.
Ədəbiyyatda xəsislik mövzusu
Xəsislik mövzusu Roma dramaturqu Plavtın, Aristofanın komediyalarında əks olunub. Daha sonra bu mövzu Molyerin, Mopassanın, Puşkinin və Qoqolun yaradıcılığında özünü göstərir.
Antik dövrdən yazılmağa başlayan bu mövzunu M.F. Axundov ilk dəfə olaraq Azərbaycan ədəbiyyatına gətirdi.
Hamımız məlum olan “Sərgüzəştimərdi- xəsis” əsərində Hacı Qara obrazı ilə bizə olduqca xəsis və tamahkar bir tacirin həyatında baş verən hadisələrdən danışır. Pula hərislik, mal-dövlət eşqi onu insani keyfiyyətlərdən uzaqlaşdırır. Hətta xəsislik Hacı Qaraya “yalan” danışdırır.
M.F.Axundov əsərdə göstərir ki, xəsislik yalan danışmağa vadar edən əməldir.
Dünya ədəbiyyatında xəsislik mövzusunda yazılmış yumoristik ilk müstəqil əsər olan Əl-Cahizin “əl-Buxalə” (Xəsislər) əsərində xəsisliyi tənqid edərək cömərdliyin daha yüksək dəyər olduğunu vurğulayır.
Dahi filosof Aristotel “Nikomakhos etik” əsərində yazır ki, əxlaqi olaraq doğru olan iki uc nöqtə arasında orta olanı tutmaqdır.
Aristotelə görə mötədillik, yəni orta ölçü ilə davranmaq ərdəmliliyin, mükəmməliyin təməl ölçüsüdür və o, buna “qızıl orta” deyir.
Xəsislik anlayışı iqtisadiyyat sahəsi ilə də əsaslı surətdə əlaqəlidir.
İqtisadçı alimlər əldə olan məhdud resursların ən səmərəli şəkildə istifadə olunması və israfın qarşısını almaq üçün nəzəriyyələr yaratmağa çalışmaqdadır.
Biz deyə bilərik ki, istehsal və istehlakın ən aşağı dərəcəsi xəsislik, ortası iqtisad, artığı israfdır. İqtisad orta yolu tapmaq, optimal həll yolunu təyin etməkdir. Yəni iqtisad elmi bizə öyrədir ki, tarazlığı qorumaq lazımdır, hər cür şəxsi və ya milli, hətta qlobal səviyyədə maddi-mənəvi hər məsələdə orta yolu tutmaq lazımdır .
Təsadüfi deyil ki, ta bineyi-qədimdən bəri filosoflar, müdriklər, peyğəmbərlər insanları orta yolu tutmağa dəvət etmişdir. Hətta atalar sözümüz də var- “nə şişi yandır, nə kababı”.
Xəsis insan
Xəsis insan bir paylaşım edəcəyi zaman sanki özündən bir parça ondan kəsilmiş kimi narahat olur və bir itki yaşacağını düşünür.
Xəsislik ruhumuzu zəhərləyən, lakin simptomlarını biruzə verməyib, səxavət duyğumuzu məhv edən, sonda isə bizi cənnətdən məhrum edən xəstəlikdir.
Allahın yaratdıqları: buludlar, çaylar, dənizlər, ağaclar və havanın bizə qarşı xəsis olmasını fikirləşək. Buludlar yağışı yalnız sudan buxarlanıb suya qaytarsa, sadəcə öz ehtiyacını ödəsə, çaylar yalnız öz yatağında dayansa və qollara parçalanmasa necə olar? Təsəvvür edilməsi belə qorxuncdur elə deyilmi?
Ey insanoğlu, bu səxavətin fərqində deyilsənmi?
Xəsislik sənin özünə etdiyin ən böyük pisliklərdəndir, birbaşa öz ruhuna xəsis olmağındır.
Bir insanın fəqirə əl tutması, onu fizioloji doyurmasıdır. Bəs həmin insan bizə nə verir, nə qazandırır bilirsinizmi? Mənəvi qida. Ruhumuza zənginlik qatır. Bizim ona verdiyimizdən dəfələrlə artığını bizə verərək qəlb zənginliyimizi artırır.
Xəsislik dünya həyatında sahib olduqlarını itirmək qorxusu ilə paylaşmağı, yardımlaşmağı rədd etməkdir.
Xəsislik yanlız maddi imkanlarını gizlətmək deyil, dərdini danışanı dinləməmək, ona vaxtından ayırmamaqdır. Öyrəndiyin elmi paylaşmamaq, başqalarına öyrətməmək, salamlaşmamaq, hətta gülümsəməmək də xəsislikdir.
Hz.Məhəmməd peyğəmbər (s.ə.s) demişdir:
Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik.
İndi düşünək əlaçıq yoxsa xəsis olmaq daha yaxşıdır?
Gəlin şəfa qəbul edək ruhumuza.
Əlimizdə olan var-dövlətin bizdən istifadə etməsi də xəsislikdir. Biz malımızı saxlayıb, istifadə etmirik, o isə biz fərqində olmadan bizdən istifadə edir.
Malı idarə etmək, onu zəhər, yaxud şəfa kimi qiymətləndirmək öz əlimizdədir.
Malımızı Allah yolunda və xeyir işlərdə xərcləyənlərdən olaq!