“Qurandan məktub var – 1”

“Qurandan məktub var – 1”

Rad surəsi 17-də buyurulur:
“O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya əşyalar düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur”.

Nədir köpük?

Köpük çay yaranması üçün baş verən sel prosesindəki tullantılardır. Həmçinin köpük metalların əridilməsi zamanı da əmələ gəlir. Qeyd edək ki, hər iki proses zamanı yaranan köpük faydasızdır, istifadə edilmir.

Ayənin digər hissəsinə nəzər salsaq biz haqla batilin müqayisəsini görərik.

Ayədə buyrulur:

Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar!

Bəs haqq və batil nədir?

Haqq əbədi olandır. Batil onun üzərini ala bilər, lakin batil haqqı aradan qaldıra bilməz.
Haqq suya və cövhərə, batil isə köpüyə və şlaka (metal əridilməsi zamanı yaranan lazımsız maddə) bənzədilmişdir. Su yerdə qalır və canlılara həyat verir, köpük isə sönüb-gedir. Çör-çöp də bir kənara atılır.

Saflaşdırılıb zinət əşyası və ya qab-qacaq hazırlamaq üçün əridilən maddələrin üzərindəki şlak da atılır.

Nəticədə dəyərsiz olan yox olub gedir, dəyərli olan qalır. Budur haqq qarşısındakı batilin vəziyyəti. Batil bir müddət haqqın önünə keçmiş, yüksəlmiş olsa da, sonda gerçəklər ortaya çıxar.

Deməli, faydasız, keçici olan məfhumdur batil. İnsana fayda verən, qalıcı olan isə haqdır.

Bu nə gözəl bənzətmə və nə gözəl müqayisədir!
Haqla batilin müqayisəsi və haqqın dəyərli olana, batilin isə içi boş, dəyərsiz, keçici olana bənzədilməsi.

Gəlin biz də çağlayan çaylar olaq!  Səsimizə mane olan bütün batillərə qalib gələk… Gur çayların hüzur verən səsi kimi haqq səsimizi yayaq dünyaya!