“Qurandan məktub var – 14”

“Qurandan məktub var – 14”

“O, yer üzünü canlılar üçün yaratdı… Orada saçaqlı dənli və xoş ətirli bitkilər vardır. Elə isə Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?! (Rəhman surəsi , 10,12,13)

Bitkilərlə təmas edəndə yəqin ki, necə xoş qoxuları olduğunu duymusan. Bəs heç düşündünmü:

Bitkiləri ətirli edən nədir?
İnsan necə qoxuları iyləyə bilir?
Aromaterapiya haqqında eşitmisənmi?

Bir bağ yaratmaqda istifadə etdiyimiz bütün maddələr arasında qoxu, çox güman ki, ən güclü və ən az başa düşüləndir. Təsiri ya birbaşa, ya da dərhal ola bilər. Yavaş-yavaş şüurumuza daxil olur, duyğularımızı qarışdırır və düşüncələrimizi rəngləndirir.

(Stephen Lacey, “Bağçanızdakı qoxu”, 1991)

Yaddaş və qoxu

Beyində qoxuları emal edən və “qoxu soğanı” olaraq bilinən hissə, beyinin çıxıntısı (hipokampus) ilə yan-yanadır. Bu qoxu soğanı beyin zərindən (korteks) gələn bütün məlumatların toplandığı yerdir.

Təkamül prosesində qoxu ünsiyyətdə rol alıb.  Məməlilərdə ana və körpə arasındakı ilk ünsiyyətdir. Hər ananın qoxusu fərqli olduğu üçün körpələri öz analarını qoxusu ilə tanıya bilir.

Qoxunun insan psixikasına, fiziki aktivliyinə təsiri qədim dövrdən məlum olub və ənənəvi  tibdə aromaterapiya kimi istifadə edilib.

Aroma terapiyası təmiz efir yağlarının terapevtik gücünü öyrənməkdir. Bitkinin çoxalma orqanı və gözəl qoxu verən hissəsi onun çiçəyidir. Qoxu tozlanmanı təmin edən həşəratları özünə cəlb etmək üçün çiçəklərin yaydığı kimyəvi siqnaldır. Ən yüksək tezliyi olan qızılgül ləçəkləridir ki, 720hz-dır. Uçucu xassəyə malik olan qoxular çiçəklərin yerinin müəyyən edilməsi, növlərinin seçilməsi kimi məsələlərdə həmin həşəratlara yol göstərir.

Gəlin təfsirə nəzər salaq.

10-cu ayə: Ənam sözü bütün canlıları əhatə edən bir sözdür; Allah yer üzünü digər ayələrdə də bildirildiyi kimi bütün canlıların, insanın əmrinə vermişdir. Bu mövzudakı ayələrin əsas ideyası insan vəzifələri ilə əlaqədardır.

12-ci ayə:  “Cücərən dənələr” kimi tərcümə olunan ifadə üçün fərqli şərhlər edilsə də, insan qidalanmasında xüsusi əhəmiyyəti olan dənli bitkilərin olduğu ifadə edilir. Başqa təbirə görə “ətirli bitkilər” kimi tərcümə olunan reyhan sözünün “ruzi” mənası ilə təfsir edildiyi bildirilmişdir.

13-cü ayə: Yeganə rəbb olan Allahın nemətlərini inkar edənlər qınanır və bu qınama eyni surədə 31 dəfə təkrarlanır. “Bundan sonra Rəbbinizin hansı nemətini yalan sayacaqsınız?”.

Ruhumuzdan dünyaya yayılan qoxular vardır.
Nədir o qoxu?

Sevgi, mərhəmət, ədalət, gözəllik, paylaşmaq və dostluq…

Görmədən sevməyi öyrədən qoxu.
Cismini görməsən belə ruhunu sevərsən. Qəlb gözün görər sadəcə.

Bəs nə üçün gözəl qoxunu içinə çəkər insan? Gözlərini yumub da ruhunda hiss edər.

Gözəl qoxu inşirahdır.
Qəlbimizə fərahlığı gətirər özü ilə birgə.

Arılar gözəl qoxulu çiçəklərdən bal toplayar.
Faydalı ömür sürənlər gözəlliyə sevdalılar.

Hər ananın qoxusu fərqlidir, deməli, hər ananın övladına da sevgisi fərqlidir.

Məhəmməd (s.a.s) peyğəmbərin cismindən dünyaya yayılan qızılgül qoxusu bizi ədalətə, sülhə, sevgiyə çağırır.

Mərhəmətin, haqqın, şükrün qoxusunu hiss etmək lazım. Hiss etmək üçün isə o qoxuları yaşamına qatmalı insan.

Sevdiyimiz insanları qucaqladıqda ruhumuzun aldığı qoxu vardır. Fərqinə varmısınızmı o qoxunun?

Müsəlman gözəl qoxuya sahibdir.
Sevgi qoxar və yayar insanlığa…

Əməlləri gözəl olanın qoxusu da fərqlidir.

Rahimdən (ana bətnindən) ayrılaraq dünyaya keçid etmiş körpənin qoxusu nələri gizləmiş özündə? Həqiqət birdir deyəmi körpə qoxusu eynidir?!

İnsan ruhuna xoş təsir edən qoxular “rayihâ-i tayyibe” adlanır.

Psixoloji vəziyyətimiz dəri qoxumuza da təsir edir. Xoşbəxtiksə pozitiv bir auramızın, aqressiv olanda neqativ auramızın olmağı və qarşımızdakına da bu enerjini ötürmə səbəbimiz psixoloji vəziyyətimizdə yayılan qoxudur.

İnsanı məst edən, ruhunu oxşayan, fərqli aləmlərə aparan qoxu olmalıdır ruhum.

Qoxum əməllərimdir.

Qoxum  rəngimdir.

Qoxum təbəssümümdür.

Qoxum mənim təvəkkülümdür…