Düşbərə

Düşbərə

“Dirçəldərək dirçələcəyik.”

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

        Ölkəmizdə apardığımız uzun illik xeyirxahlıq yarışında əsas məqsədimiz bu yarışa qoşulan insanlara yaxşılıq etməyi asanlaşdırmaq və milli ənənələrimizə söykənən layihələr həyata keçirərək sadəcə ziyalı təbəqədən olan insanları deyil, evdar və sadə qadınları da böyük missiyamızda yoldaş etmək idi.

       Düşbərə layihəmiz yalnız gəlir mənbəyi hədəfi olaraq deyil, insanların cəm olub bərabər fəaliyyət göstərərək real sosial sahibkarlıq missiyasını yerinə yetirməsi ilə fərqlənir. Beləliklə, layihə sosial sahibkarlıq hədəfini ilk mərhələsindən (insanları bir araya cəm etmək), son mərhələsinə qədər (satış həyata keçirməklə gəlir əldə etmək) kimi müvəffəqiyyətlə həyata keçirir. Düşbərə bükümü layihəsi təhsil, sosial güc, fiziki və əqli bacarığından asılı olmadan bütün qadınları eyni masa arxasında sevgi və şəfqətlə bir araya gətirən layihələrimizdəndir. Ölkəmizin, xüsusilə, Bakımızın sevimli milli yeməklərindən olan düşbərə ilə neçə atası dünyasını dəyişmiş uşaq təhsil aldı, neçə dul qadın ayağa qalxdı, necə dəyişikliklər yarandı!

       Sosial problemlərə dəstək məqsədi ilə filantrop xanımlarla başlayan “Düşbərə” layihəmiz hazırda bir zamanlar dəstək alan analarımız tərəfindən də icra olunur. Bu layihə ilə maddi və mənəvi faydalanan əmanət analarımız indi özləri sosial problemlərin həllində dəstəkçiyə çevrilərək, “dirçəldərək dirçələcəyik” şüarı ilə aktiv altruistlərə çevrilmişlər.

“Dirçəldərək dirçələcəyik!”

Layihənin gedişatı:

        Yaxşılıqda yarışmaq istəyən xanımlar bir araya toplaşır və qəlblərindəki bütün sevgini barmaq uclarına ötürərək düşbərə bükürlər. Büküm zamanı mühitin, istifadə olan ərzaqların və bükümə gələn xanımların gigiyenik təmizliyinə ən yüksək səviyyədə nəzarət olunur. Büküm zamanı xanımlar bir neçə komanda halında işləyir. Komandalardan biri mütaliə üçün kitab oxuyur, beləliklə, xanımlar maariflənir, maarifləmiş ruhun işığı artıqda ətrafına işıq olmaq istəyi özəl abu-hava yaradır.

       Digəri gözəl sözlər, fikirlər, şəfa üçün dualar edir. Müsbət enerji ilə yüklənən düşbərələr müştərilərin inam və yüksək əhvalına səbəb olduqca, müştərilər də sevgi ilə davamlı təlabatçıya çevrilir. Digər komanda düşbərə bükümü zamanı təmizliyə, və ya hansısa texniki məsələlərə diqqət edir. Bükülən düşbərələr səliqə ilə qablaşdırılır və sifarişçilərin evlərinə çatdırılır və ya sosail sahibkarlıq layihəmiz olan “Mülk” xeyriyyə alış-veriş mağazasında satışı təşkil olunur.

        Beləliklə, xanımlar bir tərəfdən sevgi və dualı düşbərələr bükərkən, digər tərəfdən mütaliə vərdişləri möhkəmlənir və ən əsası, onlarla elm, tibbi, psixoloji layihələrimizə dəstək olurlar.

Düşbərə və filantropiya:

Yaxşılığı bu qədər maraqlı edən də elə budur- əlimizdə olan hər vasitə ilə edilə bilməsi! Başlatdığımız hər layihədə ilk şərtlərimizdən biri yaxşılıq etməyi, faydalı olmağı insanlara asanlaşdırmaq və təhsilindən, biliyindən, bacarıqlarından asılı olmadan hər kəsə layihənin aparıcı gücü olmağa imkan yaratmaqdır.

Düşbərə layihəsi əsasən evdar xanımların çiyinləri üzərində durur. Bu qadınlar ölkəmizin ən önəmli layihələrinə dəstək olmaq üçün bir araya gələrkən, eyni zamanda, güclənir və daha böyük həyat missiyalarına sahiblənirlər:

“Mən evdar qadınlardan biriyəm. Həyatım hər gün təkrarlanan məişət hadisələrindən ibarət idi. Hər şeyə sahib idim, amma davamlı qəlbimdə sıxıntı vardı. Səbəbini anlaya bilmirdim. Ailə, mətbəx, gündəlik təmizlik işləri içimə sərinlik vermirdi. Həyatın məqsədi bu idimi, ölüm gələcək bir gün, bəs sonra?
Yerin ətrafında fırlanan ayın məqsədi var idi. Bəs mənim məqsədim nə idi?
Düşbərə bükmək həyatıma yeni rəng qatdı. Faydalı olmaq, lazımlı olmaq məqsədim yarandı. İndi yalnız ailəmə deyil, dünyaya yaxşılıq etmək istəyirəm…” ( Səbinə Məmiyeva, “Düşbərə” layihəsinin aktiv könüllüsü, evdar xanım)

Ünvan: Bakı ş., Yasamal r., Əsəd Əhmədov küç., 63A

Əlaqə: +994 55 354 61 22

 

Sosial mediada bizi izləyə bilərsiniz.