“Kim xeyirli bir cığır açarsa, o xeyirdən ona da pay vardır…”

“Kim xeyirli bir cığır açarsa, o xeyirdən ona da pay vardır…”

Hər kəsin həyatında dünyanı dəyişə biləcəyinə inandığı anlar olur və çoxlarımız zaman keçdikcə özümüz də bilmədən bu arzuları yavaş-yavaş soldururuq.
Bu gün 5 il əvvəl bu arzunun solmaması üçün əl-ələ verən qadınların günü idi. Torpaqdan, küləkdən, yağışdan, dənizdən ilham alan, təbiətə dönərək dünyanı özünə döndürmək yolunda addım atan qadınların! Qarşılarına çıxan tikanları yalın ayaqla basan və öz cığırlarını mərhəmət və sevgi göz yaşları ilə isladan vətənimizin qadınları. Bu gün bu qadınların göz yaşlarının cücərtdiyi könüllü gənclər var, qəlbi dirilən yetimlər var, ümidsizliyin caynağından alınmış dul analar var. Çiyinlərinə insanlığın yükünü yükləyən və səssiz-sədasız gülümsəyən qadınlar. Ana, müəllim, həkim, övlad olan qadınlar ülvi sevginin əsgərlərinə çevrildilər.
Bir qələm və bir müəllim dünyanı dəyişə bilər deyildi. Bu gün 5 illik təmənnasız sevgi və əl çəkmədikləri ali məqsədlərlə hər kəsə müəllim olan qadınlar dünyanın yeni tarix, yeni başlanğıc yazan qələmi oldular!
“Qadın gülərsə şu issız mühitimiz güləcək
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” (H. Cavid)

5 il öncə müxtəlif sahələri təmsil edən istər ziyalı, istər ev xanımlarının “kim gözəl bir işə vasitəçilik edərsə, ona ondan bir pay vardır…” (Nisə 85) ayəsini əlində rəhbər tutaraq sevgi, inam, qardaşlıq, əzm, şücaətlə qurduğu və yetim əmanətləri qoruduğu bir qalanın kiçik kərpicləri olduq bu gün. Və bunun qürurunu, sevincini, fəxrini ürək çırpıntılarımızla müşayiət etdik.

“Cığır- 5 il” konfransı 5 il ərzində həyata keçirilmiş təhsil, mədəniyyət, məişət, tibbi-psixoloji layihələri təqdim etdi.
Bu gün, bizi “Cığır” edən arxa kadr heyəti ilk dəfə ön səhnəyə çıxarıldı. “Salam yurdu” təlim-tədris mərkəzi,
“İsti yuva” adını almış təmir-tikinti layihəmiz, “Sağlam ruhlar” səhiyyə və tibb layihəsi, “Xeyriyyəçi tələbələr” işçi komandası, əmanətlərdən ibarət “Gənc Cığır” və “Üfüqə doğru” işçi-yaradıcı komandası mələklərlə yarışan qadınların çiyinləri üzərində var olur. Əmanətlərdən ibarət “Özünü kəşf et” komandasının rəsm sərgisi, “Diriliş” teatr truppasının “Oyan” tamaşası və “Mülk” mağazamızın məhsulları 5 ilin bəhrəsindən bir səbət kimi tədbirimizi bəzədi.
Qeyd edək ki, tədbirin təşkil olunmasına Azərbaycanın ilk xeyriyyə alış-veriş mərkəzi olan “Mülk” maliyyə dəstəyi göstərdi.
Gələn hər bir qonaq üzərində “Cığır” loqosu olan hədiyyələrlə qarşılandı, xeyriyyə satışı həyata keçirildi və tədbirimiz ənənəvi tort kəsmə ilə başa çatdı.