Bir çox hallarda psixoloji sağlamlığımızın gündəlik yaşamımıza və münasibətlərimizə təsirini açıq-aydın görməyəndə onu ikinci dərəcəli problem kimi bir kənara buraxır və ya tək başımıza düzəltməyə çalışırıq. Artıq 6 ildən çoxdur ki, “Cığır” MDİD İB olaraq cəmiyyətimizin həssas təbəqələri ilə çalışırıq və bu müddət ərzində psixoloji sağlamlığın münasibətlərə, ailə səadətinə, iş fəaliyyətinə və həyatımızın bir çox digər hissələrinə ciddi təsir göstərdiyini və problemlərin burdan qaynaqlandığını gördük.
Ailə insitutunun pozulması, dəyərlərin (mənəvi, sosial, şəxsi) gözardı edilməsi, fərdlərin, xüsusilə, uşaqların inkişafının yalnız maddi cəhətinin düşünülməsi, emosional intellektə diqqətin ayrılmaması, insanın özünü tanımaması kimi problemlərin könüllü gənc psixoloqlarımızda yaratdığı narahatlıq belə bir mərkəzin gecikdirmədən yaradılmasını tələb edirdi.
Psixoloq, insanı sevgi ilə qarşılayan, empatiya ilə dinləyib, anlayandır. Cəmiyyətimizin həssas təbəqəsi olan yetimlər və dul qadınların ağır itkidən sonra sevgi dolu və peşəkar şəkildə dinlənilməyə və anlaşılmağa ehtiyacları var. Bu ehtiyaca qulaq verməsək uşaqlar cəmiyyətdən bir valideyindən küsərmişcəsinə küsüb, kin və nifrət hissi ilə dola bilərlər. Cəmiyyət isə bir təbəqənin neqativ enerji yükümlü olduğuna görə zədələnə bilər. Beləliklə, cəmiyyətimizin bu həssas təbəqəsinin problemlərini həll edərək Azərbaycanımızda və dünyamızda daha sağlam gələcək naminə “İnşirah” psixologiya mərkəzi layihəmiz öz hekayəsini yazmağa başladı.
Layihənin aşağıda sadalanan hədəfləri var:
“Psixoloji sağlam fərd, psixoloji sağlam cəmiyyət deməkdir.”
Sadalanan məqsədləri iki şəkildə həyata keçiririk:
Fərdi seanslar: İnsanlar individual istəyi və şikayətinə əsaslanaraq bizim qəbul şöbəsinə müraciət edir, lazımi psixoloqa yönləndirilərək (uşaq, yeniyetmə, yetkin psixoloqu) vaxt təyin olunur və beləliklə fərdi seanslar həyata keçirilir;
Qrup terapiyaları: Bir qrup insan (ailə, iş yoldaşları, dostlar, tanışlar və s.) öz istəyi üzrə bizə müraciət edir və ya biz psixoloji mərkəz olaraq cəmiyyətimizdə gördüyümüz problemlərə əsasən bəlli bir mövzu əsasında qrup terapiyası təşkil edir, elan hazırlayır, insanları cəlb edirik.