Həmrəyliyə, tolerantlığa, multikultural dəyərlərə sahib bir birlik və eyni zamanda bir xalqın nümayəndəsi olaraq hər kəsə özünə və ətrafına “salam olmaq” mesajı vermək istəyirik.
Biz Azərbaycan xalqının qədim və mədəni ədəb və mərifət dəyərlərinin daşıyıcısı, eyni zamanda müsəlman, insanlığa göndərilmiş son dinin mənsubları və son ilahi kitab əhli olaraq bildiririk ki, bizim Tanrımız gözəllikdir, sevgidir. Vǝdud, Muhsin, Salam, Rahim və bütün yaxşılıqları ehtiva edərək fitrətimizə yerləşdirən Yaradıcı Allahın qulu olaraq insanları vəhdətə dəvət edirik.
“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Heydər Əliyev
31 dekabr Dünya Azərbaycanlıların milli həmrəyliyi günündə “Cığır” İB könüllü kollektivimiz ilə Qəbələnin 4 minə yaxın sakini olan Udilərin yaşadığı qəsəbǝyǝ, Nic kəndinə səfər etdik.
“Cığır” İB kollektivi 2 kilsəyə baş çəkərək, orada insanların ibadət qaydaları, mədəniyyəti ilə yaxından tanış oldu. Heydər Əliyev fondu tərəfindən yenidən bərpası üzərinə götürülmüş Udi kilsəsinin tarixi haqqında məlumatlar əldə edərək öyrəndik ki, kilsənin ilkin özülü XII əsrdə qoyulmuşdur. Həmçinin Udi kilsəsinin 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri tam başa çatdırılmışdır. Kilsənin açılışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailəsinin iştirakı, yaxından maraqlanması, bərpasına əsaslı dəstək göstərməsi xalqımızın multikultural dəyərlərə önəm verdiyinin gözəl örnəyidir.
Səfərimizdə əsas məqsəd multikultural dəyərlərə töhfəmizi verib, müxtəlif dini mədəni xüsusiyyətlərə mənsub azlıqların baxışlarını, öyrənmək və qatqı vermək idi. “Cığır” İB sədri Yeganə Mirzəyeva kilsə rəhbərinə sosial sahibkarlıq layihəmiz olan üzərində “Cığır” loqolu vitraj nümunəsi hədiyyə etdi. Bununla yanaşı kollektivimiz Azərbaycan Udi ocağı etnoqrafik muzeyini, istirahət mərkəzini ziyarət edərək, maraqlı zaman keçirmişdir.
Kollektivimiz bu görüşdən olduqca məmnun və xoş təəssüratla ayrıldı.