“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. (Ümumilli lider Heydər Əliyev)
“Cığır” MDİD İB-nin milli-mənəvi dəyərlərin qorunması və qəlblərdə dərin kök salması, mütaliə eşqinin ölkəmizin hər bir qarışında yaşayan, ucqar kənd məktəblərində təhsil alan xəzinətək qiymətli uşaqların gələcək yoluna işıq salması naminə 6 ay əvvəl öz başlanğıcını götürdüyü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi“ layihəsinin möhtəşəm bağlanış tədbiri böyük şövq və yüksək aura ilə keçirildi.
Tədbirdə müəllimlər, əmanət analar, uşaqları, könüllü gənclər, tələbələr, xeyriyyəçilər iştirak etdi. ADU müəllimi, dəyərli Günel Ələkbərova açılış nitqi ilə dinləyiciləri salamlayaraq tədbirə start verdi. “Cığır” əmanət uşaqları öz şeir, musiqi çələngi ilə qonaqlarda yüksək ab-hava, xoş aura yaratdılar.
Birlik həmtəsisçisi və layihə rəhbəri Gülnar Rüstəmova öz təəssüratlarını qeyd edərək, estafeti bu 6 ay boyunca aktivliyi, məsuliyyəti, bacarığı, sevgisi ilə seçilən Xəzər Universitetinin 1-ci kurs tələbəsi, əmanətimiz və könüllümüz Aydan Məcidovaya ötürdü.
Mərasimdə fəxri qonaqlar- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən rəsmi nümayəndə Kamran Musayev, Bakı şəhər Təhsil İdarəsi nümayəndəsi Günay Qurbanova, Bakı şəhər Baş Mədəniyyət İdarəsi nümayəndəsi Arif Allahverdiyev, İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin rəhbəri, professor Əsədulla Qurbanov, “Qanun”, “Libra kitab” “Teas Press” nəşriyyat evlərindən nümayəndələr, Əmircan Mədəniyyət mərkəzinin müdiri Məmməd Rzayev, “AzTugem” MMC əməkdaşları Nərgiz Hacıyeva və Günay Qurbanova, Suraxanı MKS 1 saylı filialı əməkdaşları Nərminə Babayeva və Dürdanə Babayeva, Suraxanı MKS 4 saylı filialı əməkdaşları Fatma Hacıəliyeva və Ülviyyə Babayeva, Nəsimi MKS 3 saylı filial nümayəndələri Lətafət Abbasova və Aynur Yahyayeva, Sumqayıt şəhəri Nizami adına kino klubu nümayəndəsi Ülviyyə İsayeva, Sabunçu MKS nümayəndəsi Ramilə Hüseynova dəvətimizə icabət edib məmnuniyyətlə tədbirimizə qatıldılar, fəaliyyətimiz və uğurlarımız ilə tanış olmaqla yanaşı, dəyərli fikirlərini bölüşərək layihənin cəmiyyət üçün çox əhəmiyyətli, faydalı olduğunu vurğuladılar.
Daha sonra layihəni hərtərəfli özündə əks etdirən “Mütaliə terapiyadır” kitabının ərsəyə gəlməsində yaxından iştirak edən dəyərli könüllülərimiz Elbəy Əliyev və Xanım Babayeva xoş təəssüratlarını bölüşdülər.
İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin rəhbəri professor Əsədulla Qurbanov da uşaqlara oxu mədəniyyətinin əhəmiyyətindən danışaraq qeyd edib ki, islamşünaslıq oxu mədəniyyətininin özəyidir. Müqəddəs Kitabımızın da insanlığa ilk və əsas əmri oxu üzərindəndir. Azərbaycanda olan bu yeganə mərkəz məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə açılmışdır.
Layihə boyunca keçirilən mütaliələrdə aktiv iştirak edən uşaqlar “Yaradıcı qələm” və “Yaradıcı Oxucu” nominasiyası üzrə sertifikatlar və kitab boğçaları ilə mükafatlandırıldı, eyni zamanda mütaliələrdə aktiv iştirak edən, övladlarını oxuya təşviq edərək cəmiyyətimizin sağlam təməllərə qovuşmasına töhfə verən əmanət analara, “Oxu” layihəsində sevgilə, yorulmadan və məsuliyyətlə gecə-gündüz çalışan könüllülərə də fəxrlə sertifikatlar təqdim edildi.
Layihənin uğurla həyata keçirilməsinə böyük dəstək göstərən Mədəniyyət Nazirliyinə, Nəşriyyatlara və Kitabxanalara isə təşəkkürnamə təqdim edildi.
Qeyd edək ki, layihədə ümumilikdə :
841– uşaq
218 – əmanət (Rayondan 131, Bakı şəhəri üzrə 87 uşaq )
623– məktəbli
106 – layihədə qeydiyyatdan keçən könüllü sayı
33– layihənin aktiv könüllüləri
19– oxu idarə heyətinin üzvləri (13 Gənclər )
180 –gənc bu layihədən faydalanıb ( 73–ü GİKM üzvləri)
Bakı üzrə 7 rayon olmaqla ümumilikdə 12 rayon və 21 kənddə oxu layihəsi icra olunub.
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə ” Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin həyata keçirilməsinə fürsət yaratdığı və icra müddətində hərtərəfli dəstəyinə görə bir daha təşəkkür edirik, eyni zamanda nəşriyyatlara və kitabxanalara layihənin həyata keçirilməsində əməkdaşlıqları üçün təşəkkür edirik!
Oxu, Yaşa, Dəyiş!