“Qurandan məktub var-3”

“Qurandan məktub var-3”

Furqandan məktub var! Yaradanın ayələrini təfəkkür üçün iftar süfrələrinizə qonaq gəlmişik.

“Məgər onlar (Allaha ) tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.”

(Nəhl, 79)

Quşlar hər zaman insanlığın uçmaq arzularını ilhamlandırıblar. Quşlar azadlığı, yüksəlişi ,sülhü simvolizə edir. Hüdudların, sərhədlərin olmadığı asimanda pərvaz edən azadlıq carçılarıdır sanki. Onlar bir ümmət kimi səma fəttahlarıdır. İnsanlıq hər zaman səmaları fəth etmək üçün quşları araşdırıb, onların necə uçduqlarını öyrənməyə çalışıb.

Düşünək! Quşların uçması üçün hansı fiziki şərtlər lazımdır ? Quşların bioloji quruluşu digər canlılardan nə ilə fərqlənir ? Quşların uçması bizə nə söyləmək istəyir ?

Fizikada uçuşu öyrəndiyimiz bölməyə aerodinamika adını veririk ki- bu bölmədə uçuşun qaydaları, uçan cismin fiziki quruluşu və havada hərəkət üçün zəruri şərtlər öyrənilir.
İlk növbədə uçan cismə təsir edən qüvvələrə nəzər salaq:
1. Planetin ağırlıq qüvvəsi – planetin mərkəzinə doğru yönələrək cisimləri planetin səthində qalmalarını təmin edir.
2. Havanın sürtünmə qüvvəsi – havanın müqavimətinin havada hərəkət edən cismin hərəkət istiqamətinin əksinə yönələrək yaranır.

Quşların uçuş prosesinə və bu qüvvələri necə üstələdiklərinə baxsaq:
İlk növbədə quşların biolojik quruluşuna baxmalıyıq:
1. Uzun, arxaya doğru olan lələkli qanadları və yelpik formalı quyruqlarının olması.
2. Sümüklərinin yüngül və içinin boşluqlu olması.
3. Bir çox məməlilərin daha ağır olmasına səbəb olan çənə sümüyü və dişlər əvəzinə dimdiyinin olması
4. Qanad quruluşu – qanadlarının üst tərəfində ön və arxa hissəsi arasındakı məsafə, alt tərəfinin ön və arxa hissəsi arasındakı məsafədən daha böyükdür. Yəni quşların qanad qurluşu qövs vari(qismən yarım çevrə) formalıdır. Bu da havanın axını zamanı üst tərəfdən daha sürətlə keçməsinə, aşağı tərəfdən daha yavaş keçməsinə səbəb olur. Üst tərəfdə nisbətən yarım çevrə üzrə hərəkət, alt tərəfdə isə düzxətli hərəkət olur ki, bu da təzyiq fərqinə səbəb olur.
5. Sinə sümüklərinin qüvvətli qanad çırpa bilmələri üçün daha möhkəm və enli olması
6. Qanadlar ilə gövdənin əzələlərlə möhkəm birləşməsi.

Bu biolojik xarakteristikaların onlara təsir edən təməl qüvvələrə necə əks qüvvələr yaradaraq uçuşu təmin etdiyinə baxaq:
1. Quşlar qanad çırpdıqları zaman, havanın sürtünmə qüvvəsinə üstün gələcək (onu dəff edəcək) itələmə qüvvəsinin yaranması
2. Hava axının quşların qanadlarının üst tərəfindən, alt tərəfinə nisbətən daha sürətli keçməsi zamanı yaranan təzyiq fərqi nəticəsində yaranan daşıma qüvvəsi. Bu qüvvə ağırlıq qüvvəsini üstələyərək quşları havada tutur.

Yuxarıda quşların uçuş fizikası ilə bağlı qeyd olunanlar əsasında deyə bilərik ki, quşlar, ağırlıq və havanın müqavimət qüvvəsinə qarşı daha üstün bir qüvvə yarada bildikləri üçün uçmağa müvəffəq olurlar. Qanadları elə formadadır ki, təzyiq onları havada saxlayır. Deməli, bizi sıxan, bizləri aşağı çəkən, ağırlıq edən qüvvələr qarşısında elə forma almalıyıq, elə dəyişməliyik ki, o qüvvələr bizi yuxarı qaldırsın. Təzyiq ruhumuzu qanadlandırsın, sıxıntı yaradan təzyiqin quşları səmalarda azadlıq simvoluna çevirdiyi kimi.

İman bir quşdur, bir qanadı şükür, bir qanadı səbr. Bəs bu quşun quyruğunu, ona istiqamət verən quyruğunu nəyə bənzətmək olar? Sevgiyə! Məgər həqiqətən insanı doğru yola istiqamətləndirən, sevgi deyilmi? Şükür və səbr qanadları ilə səmaları fəth edən quşların istiqamətini təyin edən sevgi deyilmi? Şükür və səbr. Sevgi.

Hər birimizə bir qanadı səbr, digəri isə şükür ilə uçan quş olmağı dua edirik.