“Cığır”da maarifləndirici və əyləncəli tətil günləri

“Cığır”da maarifləndirici və əyləncəli tətil günləri

“Cığır” MDİD İB qış tətili ərzində əmanətlərin boş vaxtlarını maariflənərək və yeni bacarıqlar inkişaf etdirərək keçirməsi üçün silsilə tədbirlər həyata keçirir.
Əvvəlcə mədəni gəzintilər edərək əmanətlərimizlə birlikdə Geoloji muzeydə qonaq olduq. Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsindən gətirilən müxtəlif növ daşları, süxurları incələdik. Hər insan özəl yarandığı kimi, daşların da hər birinin özünəməxsus olduğunu gördük. Kolleksiya şəklində muzəyə hədiyyə olunan bir çox geoloqların araşdırmaları nəticəsində əldə olunmuş nadir daş və süxür nümunələrini əmanətlərimiz böyük maraqla nəzərdən keçirdilər. Daha sonra isə H. Zərdabi adına Təbiət Tarixi Muzeyinə eksursiya təşkil etdik. Geologiya və zoologiya şöbələrindən ibarət müzeyin geologiya bölməsində süxurlar, daşlar və minerallar haqqında məlumat aldıq. Zoologiya bölməsində isə müxtəlif heyvan və həşərat növləri sərgilənirdi. Əmanətlərlə birlikdə CinemaPlus kinoteatrında dostluq, dürüstlük kimi mənəvi dəyərlər aşılayan və olduqca çox sevdikləri “Rafadan tayfa-Göbeklitepe” cizgi filmini izlədik. Bunlardan əlavə həftə boyunca “Salam yurdu” təlim-tədris mərkəzimizdə keçirilən master klass dərnəklərində əmanətlərimizlə müxtəlif əl işləri düzəldildi.