“Mən də artıq məktəbə gedəcəyəm, hərfləri öyrənib çox gözəl oxuyacağam, faydalı insan olub cəmiyyətimə xidmət edəcəyəm.” Deyə düşündü əmanət qəlbi.
Birinci sinifə qədəm qoydu balaca əmanət dostumuz. Gülüşündə hüsn şəfəq kimi intəhasız gözəllik yayırdı.
Kim idi bu gözəlliyin səbəbkarı? Kim idi gələcəyin faydalı insanına ümid olan?
Sən… Əziz xeyriyyəçi, bu sənsən. İndi isə avqust ayının əvvəllərindən, sentyabr ayına qədər “Məktəb ləvazimatları” layihəmiz üçün yığılan məbləğə, qəlbi sevinən uşaq sayısına nəzər salaq səninlə.
Birlik nəticəsində “Məktəb ləvazimatları” layihəmiz üçün
Ümumi toplanan məbləğ 4300 AZN təşkil edir.
41 əmanətim bu layihədən faydalandı.
24 nəfər 1-ci sinif
17 nəfər isə yuxarı sinif şagirdləri daxil idi
Rebus dəftərxana və ofis ləvazimatları mağazasından dəyərli könüllülərimiz ilə birlikdə 24 balaca dostlarımız üçün içərisində
- Dəftərlər;
- Qələmlər;
- Rəngli karandaşlar;
- Flomasterlər;
Və s ləvazimatlar olan məktəbli çantaları aldıq və onları məktəbli forması ilə təmin etdik. 17 yuxarı sinif əmanətlərimizə də müxtəlif tədris ləvazimatları alınaraq dəstək olduq.
İsmayıllı, Balakən, Şabran, Astara, Salyan, Xaçmaz, Qazax, Şəki, Göyçay, Şamaxı bu rayonlar üzrə əmanətlərimizə poçt vasitəsilə məktəb ləvazimatlarını çatdırdıq.
Bakıda şirin çay süfrəsi ətrafında tədbir təşkil edərək maarifləndirici tədbirdə əmanətlərimizin hədiyyələrini təqdim etdik.
Bu xoş simaların, ilk qələm tutan əllərin, çantasını gördükdə gözlərindən sevincinin ətrafa bərq vurduğu əmanətlərin qəlbində sevgi toxumu əkdiyiniz üçün minnətdarıq!
Əziz xeyirsevərlər, daha çox əmanətimizin qəlbindəki sevinc bizim təşviq və dəstəyimiz ilə şəfəq saçması üçün tələsək!