3-4 fevral tarixində “Cığır” MDİD ictimai birliyinin Sosial Təşəbbüskarların II Qurultayı baş tutub. Qurultayda iki gün ərzində Birliyin tərkibində fəaliyyət göstərən sosial proqram və layihələr, sosial sahibkarlıq müəssisə və layihələri, eyni zamanda xeyriyyəçilik layihələri 2022-2023-cü illərdəki fəaliyyətlərinə dair öz hesabatlarını, mövcud problemləri və 2024-2025-ci illərə aid planlarını təqdim ediblər.
Qurultay rəsmi statistik məlumatlardan daha çox duyğulara xitab edib. Məqsəd təşəbbüskar insanları bir araya toplayaraq cəmiyyətə töhfə verməyə çalışan fəaliyyətlərlə tanış etməklə yanaşı, onları da mövcud problemlərin həllində iştirakçılığa təşviq etmək idi.
Hər bir sahə Birliyin strateji planındakı hansı hədəfə xidmət etdiyini təqdim edərək öz məqsəd və missiyasına yenidən baxmaq şansını əldə edib, hədəflərini yenidən gözdən keçirib.
Qurultayın sonunda Birliyin fəaliyyətində hər sahə üzrə aparılmalı olan islahatlar, problemlərin həlli üçün təkliflər irəli sürülüb.
Qurultay bir sıra qərarların qəbul olunması ilə yekunlaşıb. Birliyin fəaliyyəti üç istiqamət üzrə təsnifatlaşdırılıb: sosial proqramlar və layihələr, sosial sahibkarlıq müəssisə və layihələri, xeyriyyəçilik layihələri. Sonda bu layihələrin icrası üçün dəstək olan sahələr şöbələr olaraq strukturlaşdırılıb.