“Cığır” – 2021

“Cığır” – 2021

“Cığır” birliyimizin tarixinə bizlər üçün unudulmaz yeni əlamətdar bir gün daha yazıldı!

Dostlarımız, sevdiyimiz insanlar, dəyərli xeyriyyəçilərimiz önündə fəaliyyətimizin 7-ci ilində – 2021-ci ildə görülən işlərin böyük hesabat təqdimatı ilə qürurverici anlarını yaşadıq, yaşatdıq.

Artıq hər il ənənəvi hesabatla izləyicilərinin və xeyirsevərlərinin önündə il ərzində görülən işlərin, həyata keçirilən layihələrinj vətəndaş qarşısında sunumu ilə gələn birliyimiz qonaqlarını –“Sosial Xidmətlər Agentliyi” layihə departmenti Turan Sadıqov, AMEA təhsil şöbəsi işçisi Səbinə Şıxqayıbova, “Sosial Dəstək mərkəzi” işçisi Aydan Məmmədova, KOBİA əməkdaşı Kamran Bağırzadə, “Agro Mix” təsisçisi Gülpəri Bayramova, “Təmiz dünya” İB nümayəndəsi Aqil bəy, “Greenwood” rəhbəri Fuad bəy, “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” sədr köməkçisi Məhəbbət xanımı ağırlayaraq tədbirin ən önəmli hissəsini şərəflə izləyicilərin nəzərinə çatdırdı.

Tədbir boyu “yetim gülərsə dünya gülər”– deyib yol aldığımız və bu amal uğrunda gerçəkləşdirdiyimiz layihələrin layihə rəhbərlərinin təqdimatı əsasında tanıtımını izlədik. Bərabər sevindik, bərabər qürurlandıq, bərabər duyğulandıq və bərabər şükr etdik.

Çiçəklənən doğma Azərbaycanımızın sağlam təməllər üzərində qurulmasında gecəsini gündüzünə qatan gənc könüllülərimizin fədakarlıqlarına təşəkkür hissi ilə şahid olduq, birliyimizin sədri Yeganə Mirzəyeva tərəfindən sevgilə hazırlanmış təşəkkürnamələrlə təltiflənməni könüllülərimizin zəhmət və əməyinə verilən ən səmimi dəyər kimi qəbul etdik.

Dəyərimizə dəyər qatan hər bir xeyirsever insana sonsuz sayqılarımızı bildirir, 2022-ci ildə də sizlərlə daha böyük və məsuliyyətli layihələri bərabər gerçəkləşdirəcəyimizə, xeyir “cığır”ında uğurla addımlayacağımıza inanırıq!