Qardaş Türkiyədən növbəti dostluq və paylaşma nümunəsi.
“Betül Hanımlar Dostluk ve Çevre Derneği”, “Konya Büyükşehir Belediyesi” ilə birgə keçirdiyi
“3 Aylar Şen Çocuklar” layihəsi çərçivəsində “Cığır” MDİD İB himayəsində olan 700 ata qayğısından məhrum və şəhid balamıza sevgi ilə hazırlanmış bağlama hədiyyə edildi.
Bir-birindən gözəl və rəngarəng hədiyyələr və içərisində balaca dostlara sevgi və dua ilə yazılmış kiçik məktublar əmanətlərimizin üzünü güldürdü.
Yer üzünə ümid və sevgi bəxş edən balalarımızın Türkiyəli dostları tərəfindən göndərilən məktubları oxuyarkən gözlərində sevinc, üzlərində təbəssüm və həyəcana şahid olduq.
Qeyd edək ki, layihənin mahiyyəti uşaqlarımızla dostluq və paylaşma ayı olan Ramazana birlikdə hazırlaşmaq, birlik və bərabərliyin önəmini vurğulamaq, üç dostluq ayının mənasını və dəyərini formalaşdırmaqdır.
Bu aylarda edilən yaxşılıqları bir toxumun əkilib, cücərib, yetişməsinə bənzədərək balaca əmanətlərə yaxşılıq karvanını sevdirməkdir.