Bakı, qonağımız var! – 2024

Bakı, qonağımız var! – 2024

Əmanətlərimizin qəlblərinə sevgi ilə toxunan “Bakı, qonağımız var” layihəsinə start verdik.

3 günlük layihənin ilk günündə bol təbəssümlə əmanətlərimizi qarşılayan könüllü komandamız balalarımızın qəlbində sevgi, mərhəmət, qayğı, şəfqət cığırı açaraq şəhərimizə səfər edirlər. Səfərimiz Şəhidlər Xiyabanını ziyarət etməklə başladı. Dağüstü parkdan Bakının gözəlliklərini seyr edərkən, funiklyorda yüksəldikcə onlar həm şəhərə, həm də öz xəyal dünyalarına yüksəldilər. Planetariumda ulduzlarla dolu səmanı izlərkən, Baku Tur avtobusu ilə səyahət edərkən uşaqların hiss etdiyi sevinc və təəccüb bizi daha da xoşbəxt edirdi.

Xoşbəxt etməklə xoşbəxt olmaq bizim üçün dəyərdir. Dəniz Kənarı Milli Parkda uşaqların Xəzərlə ilk görüşündə gözlərindəki sevinc, bulvarda atraksion-rəngarəng və canlı oyun, onların üzlərindəki gülüşü artırır, hər bir toqquşma isə onları daha da yaxınlaşdırırdı. İnanırıq ki, bu maraqlı, yeniliklərlə dolu səfərimiz uşaqlara həyatları boyunca daşıyacaqları dəyərli xatirələr bəxş edəcək. Sevgi ilə toxunulan hər qəlb gələcəkdə öz ətrafına bu sevginin izlərini qoyacaq.

Layihənin ikinci günü əmanətlərin Xəzərlə ilk görüşü oldu. Heç vaxt dəniz görməyən uşaqlar Abşeron Milli Parkın ərazisində “Şah dili” qoruğunda unudulmaz anlar yaşadılar. Milli Parkın rəhbərliyinə və Ekoloji Nazirliyinə təşəkkürlərimizi və dualarımizi bildiririk. Əmanətlər Sevgi ilə hazırlanan sədəqə dolmalarını yeyib, Bakının yaraşıqlı incisi Qız qalasına qalxdılar. “Suraxanı” gəmi muzeyi ilə tanış olub, “Heydər” məscidini ziyarət etdilər. Bütün dünyamıza bol dua edib Qafqazın ən böyük ibadət məkanını seyr etdik. Şam yeməyini əmanətləri sevən və dəyər verən xeyirsevərlər ikram etdilər.

Layihənin sonuncu gününü əmanət dostlarımızla Dəniz kənarı Bulvarda velosiped sürərək davam edib (Bunun üçün Baku Bike müdiriyyətinə və əməkdaşlarına minnətdarıq.) Şirvanşahlar muzeyinə yollandıq. Bələdçi Pərvanə xanım çox aydın və geniş şəkildə qədim Şirvanşahlar dövrünün tarixini izah etdi. Şən əhval-ruhiyyəmizi sərin və gözəlliyi ilə seçilən Bakı Metropolitenin qatarlarında kiçik səyahətlə davam etdirdik.

Növbəti səfər dəvət aldığımız “Bilgi” Peşə tədris mərkəzinə oldu. Tədris mərkəzinin rəhbərliyi uşaqlar üçün gözəl süfrə, hədiyyə kitablar hazırlamışdılar. Məktəbin peşakar saç ustaları balaları çox xoşbəxt etdi. “Bilgi” mərkəzinin rəhbərliyi və işçi kollektivinə göstərdikləri qayğı və diqqət üçün təşəkkürlər edirik. 

Günün ikinci yarısını doğma yuvamızda “Cığır” İB ofisində tanışlıqla keçirdik. “Mülk” , “Bağbanın bağçası” və digər sosial sahibkarlıq layihələrimizlə tanış olub, gül əkmə masterklassında iştirak etdilər. Uşaqlar bitkilər haqda çox lazımlı bilgilər aldılar və anaları üçün dibçəkdə güllər əkdilər.

3 gün boyunca layihədə dəstək olan bütün xeyirsevər insanlarımıza dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiriririk.