“Cığır” MDİD İB mənəvi dəyərlərə sadiq qalaraq yeni “Mənim məqsədim” adlı bir layihəyə başladı. Məqsəd – abituriyent əmanətlərə ictimai birliyi yaxından tanış etmək, onlarda doğru, sağlam həyat məqsədi formalaşdırmaq, məsuliyyət hissi aşılmaq və xəyal dünyası zənginləşdirmək.
10 və 11-ci siniflərdə təhsil alan 13 şagird Bakıda qonağımız oldu. Avqustun 13-15-ni əhatə edən təlim müddətində abituriyentlər ictimai birliyin əsas layihələri ilə yaxından tanış oldular.
- “Mülk” xeyriyyə alış-veriş mərkəzinə ekskursiya: Layihə müddətində şagirdlərlə “Mülk” mağazasının filiallarına ekskursiya təşkil olundu. Orada əməkdaşların rəhbərliyi ilə mağazanın dünənindən bu gününə qədər olan həyat yoluna nəzər yetirildi.
- Könüllülərin təqdimatları: Hər bir könüllünün “Cığır” İB-də olan könüllülük fəaliyyətini əks etdirən hesabat xarakterli layihələr şagirdlərdə yeni hədəflər doğurdu.
- “Nizami Gəncəvi” mütaliəsi: ADU- nun müəllimi,pedaqoq Günel Ələkbərova tərəfindən keçirilən mütaliə dahi yazıçı “Nizami Gəncəvi”nin “Sirlər xəzinəsi”ə həsr olundu. Gənclərin həyatında elmin rolu, kitab oxumağın, mütaliənin onlara qatqısından bəhs edən oxu saatı iştirakçılara hüzur dolu anlar yaşatdı.
- Film saatı: Könüllü gənclər və müəllimlərlə birlikdə şagirdlər təfəkkür dünyalarını zənginləşdirəcək, dünyagörüşlərini artıracaq filmlər seyr edib, birgə müzakirələr edib, bir-birilə fikirlərini bölüşüb və əylənərək öyrəniblər.
- Psixoloji art terapiyası: Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları, könüllü psixoloqlar Leyla Məmiyeva və Səidə Naxmedova tərəfindən təbiət qoynunda- dəniz kənarında, parklarda art terapiyalar keçirildi. Şagirdlər rənglər vasitəsilə öz daxili aləmlərini vərəqlər üzərində əks etdirdilər.
- Xeyriyyə küçə satışı: “Mülk” alış- veriş mərkəzində hazırlanan xüsusi səbətlərlə qrup halında Bakının müxtəlif səmtlərinə yollanan şagirdlər insanların qəlbinə xeyir toxumu səpdilər.
- “Amber soap” layihəsi ilə tanışlıq: “Cığır” İB-nin yeni layihələrindən olan “Amber soap” layihəsi şagirdlərdə xüsusi maraq doğurdu. Estetik zövqü özündə əks etdirən müxtəlif formalı sabunlar əmanətlər tərəfindən həvəslə hazırlandı.
- Dizayn və psixoloq komandasının birgə təşkilatçılığı ilə “Mənim məqsədim” workshopu: Könüllü tələbə Elbəy Əliyev və psixoloq Leyla Məmiyevanın iştirakı ilə keçirilən workshopun məğzi “Həyat məqsədim” adlı sosial sorğudan ibarət idi.
Hər birimiz ümid edirik ki, bu üç günlük layihə abituriyentlərin həyatında dönüş nöqtəsi olacaq və onların gələcək seçimlərinə müsbət yön verəcək.