Bu il Qurban bayramında “Cığır” İctimai Birliyi olaraq, əmanət uşaqlarımız və onların dəyərli anaları ilə birlikdə unudulmaz, mənəviyyat dolu bir bayram sevinci yaşadıq.
Bu müqəddəs günlərdə bir daha dərk etdik ki, Qurban sadəcə bir payı bölüşmək deyil; Qurban həm də Uca Yaradana və Onun yaratdıqlarına sevgi, mərhəmət və incə bir diqqətlə yaxınlaşmaqdır.
Bu il bayramımıza fərqli və qəlbləri riqqətə gətirən xüsusi bir gözəllik qatdıq. Hər bir əmanətimizdən öz dünyasından, öz evindən sevdiyi bir əşyanı, dəyərli bir hədiyyəni gətirməsini xahiş etdik. Həm analarımız, həm də balalarımız sevdiyini fəda etməyin, paylaşmağın və fədakarlığın əsl sevincini yaşayaraq öyrəndilər. Səhnəmizdə canlandırılan tamaşa isə bu ali dəyəri bizlərə bir daha dərindən xatırlatdı.
Tədbirin davamında gözəl bir hədiyyələşmə anı yaşandı: analarımız gətirdikləri hədiyyələri digər analarla, əmanətlərimiz isə digər uşaqlarla paylaşdılar.
Proqramın sonunda ailələrimizə qurban payları təqdim olundu.
Bu xeyirli işdə bizə dayaq olan, dəstəyini əsirgəməyən bütün xeyirxah insanlara ürəkdən təşəkkür edirik. Allah kəsdiyiniz qurbanları və duaları qəbul etsin.












