Bu dəfəki müzakirələr də “Sirlər xəzinəsi” əsərinin minacat hissəsi üzərində davam etdi. Görüş zamanı Nizaminin Yaradanı və kainatı dərk etməyin yolunu mərifətdə görməsi xüsusi vurğulandı. Qeyd olundu ki, Nizami üçün bilik yalnız öyrənmək deyil, həm də hikmətə çatmaq, yaradılışın sirrini qəlblə duymaq idi. O, dua edərək hər şeyi mərifətlə anlaya bilməyi diləyirdi.
Filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzə əsərdəki ilahi eşq, yaradılış və insanın mənəvi kamilliyi ilə bağlı düşüncələrini bölüşdü. Söhbət zamanı həyatımızdakı “can duzları” anlayışına toxunularaq, insan ruhunu saflaşdıran, qəlbi oyadan duyğular haqqında danışıldı. Həmçinin yaradılışın canındakı bu “duz”un göz yaşları vasitəsilə insan qəlbini necə şəfalandırdığı qeyd edildi.
Müzakirələrdə yer üzünün – ərzin yaşam səbəbinin ilahi eşqə bağlı olduğu, bütün varlığın həmin qüdrətdən güc aldığı düşüncəsi ön plana çəkildi.










