“Kim zərrə qədər xeyir etsə,onu görəcək…”(Zilzal,7) Ramazan ayının son iftar süfrəsi də xeyirxah insanların dəstəyi ilə böyük sevgi və paylaşım ruhu ilə təşkil olundu. Bu möhtəşəm axşamda 15 əmanət uşaq, 14 ana, 13 könüllü və 11 texniki heyət üzvü bir araya gələrək, Ramazan ayının mənəvi dəyərlərini yaşadı. Könüllü komandamız həftələrdir əmanətlərimizə bu müqəddəs ayın hikmətlərini təlqin edir. Bu gün də onlar üçün intellektual oyunlar təşkil olundu, maraqlı səhnəcik nümayiş etdirildi. Tamaşada yer alan müsbət və mənfi obrazlar təhlil edildi, uşaqların düşüncə və duyğularına toxunan dərin müzakirələr aparıldı. Başımızın tacı olan analar üçün ekoçantalar üzərində xüsusi bir master-klas keçirildi. Onlar öz qəlblərinin rənglərini çantalara hopduraraq, incəlik və zərifliklə sənət əsərləri yaratdılar. Qurani-Kərimin mütaliəsi zamanı Ramazan ayının mahiyyəti daha dərindən anlaşıldı, Yeganə İbrahimin “Məktub var…” kitabında xanımlara ünvanlanan dəyərli fikirlər ətrafında maraqlı söhbətlər aparıldı. Sevgi, mərhəmət və birlik dolu bu iftar süfrəsi bitdikdən sonra uşaqlara şirniyyat qutuları, kitab dəstləri və səccadələr, analara isə Quran kitabı və “Mülk” SSM tərəfindən geyim dəstləri hədiyyə olundu. Bir ay boyunca Qurani-Kərimin “Oxu” ayəsinə istinad edərək, əmanətlərimizi və analarımızı elmə, mütaliəyə və Ramazan dəyərlərinə daha da yaxınlaşdırmağa çalışdıq. Bu yolda bizə dəstək olan bütün himayəçilərimizə, xeyirsevər insanlara və fədakar komanda üzvlərimizə dərin minnətdarlığımızı bildiririk! “Yaxşılıq və təqva üzrə bir-birinizə kömək edin…”(Maidə,2)
