“Qurandan məktub var – 5”

“Qurandan məktub var – 5”

Kainat və onun genişlənməsi haqqında maraqlanmısınızmı?

Niyə onlarla araşdırmalara baxmayaraq, hələ də bu mövzu sirr olaraq qalmaqdadır?

Bugünkü məktubumuzda bu sirrə bələd olmağa çalışdıq.

“Biz göyü qüdrətimizlə yaratdıq və biz onu genişləndirməkdəyik”.  (Zariyat surəsi, 47)

Kainatın yaradıldığı andan genişlənməkdə olduğu bilinir. Bu fakt ilk olaraq 1920-ci illərdə Edvin Habl tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum oldu. Beləliklə, müşahidələr nəticəsində aydın olmuşdur ki, bütün istiqamətlərdə olan kosmik cisimlər və qalaktikalar dünyadan uzaqlaşır və aradakı məsafə artdıqca bu uzaqlaşma sürətlənir. Kainatın genişlənməsi ilə bağlı qeyd olunası məqamlardan biri də bu genişlənmənin hansısa sabit mərkəzə sahib olmamasıdır. Yəni hansı nöqtədən baxmağımızdan asılı olmayaraq bütün cisimlərin bizdən uzaqlaşdığını görürük.
Aparılan hesablamalar nəticəsində bu genişlənmənin təxminən 13,8 milyard il əvvəl başladığını və o zaman da hal-hazırda aralarındakı məsafə böyük olan cisimlərin bir birinə çox yaxın olduğu bildirilir. Bu nəzəriyyə kainatın və dünyanın böyük bir partlayış nəticəsində yarandığına işarə edir. (Big-bang)

Bu ayədə göyün, yerin və kainatın möhtəşəm quruluş və nizamının Allahın qüdrəti ilə olduğuna diqqət edilir.

Öz muazzamlılığı ilə diqqət çəkən kainat Allahın elmi ilə meydana gəlmişdir.

“Allahın elmi hər şeyi əhatə etmişdir”. (Taha,98)

Ayənin “Onu genişləndirməkdəyik” hissəsi üçün edilən əsas şərhlər belədir:
a) Vüsat, yəni genişlik və gücümüz vardır. Göydəki bu əzəməti təmin edərkən gücümüzdən bir şeyin azaldığını düşünmək lazım deyil, istəsək onu daha da genişləndirə bilərik.

b) Heç bir şeyə möhtac deyilik və bol-bol nemətlər veririk. Dərdləri həll edib sıxılmış qəlblərə genişlik veririk.

c) Kainatı genişləndiririk.
Bu fikir elmi cəhətdən kosmik cisimlərin bir-birindən uzaqlaşdığını və aralarındakı məsafənin getdikcə artdığına əsaslanan “genişlənmə nəzəriyyəsi” işığında aparılır.

Kainat…

Daim hərəkətdə olan kainat.

İnkişaf etməyimi öyrədirsən bizlərə !?
Bəlkə də, hərəkəti.

Ey insan, dayanma!
Oxu.
Çalış.
Mükaşif ol!

Bil ki, mütləq bir gün düşüncələrin və ruhun böyüyəcək.

Durğunluq səni sadəcə bir məkana qəfəsləyər. Amma hərəkətdə olduqca hər məkanda öz ruhunun ayaq izlərini qoyacaqsan.

Genişlənmək üçün enerji gərək. Körpə uşaq dünyaya güclü enerji sərfiyyatı ilə gəldiyi kimi kainat da güclü enerji partlaması ilə, yəni Yaradanın “Ol” deməsi ilə var oldu.

Kainatın genişlənməsi sanki köksün genişlənməsi kimidir.
Sanki kainat da hər gün Allaha daha çox yaxınlaşır və genişlənir.

Dar köks ümidsizliyin, çarəsizliyin yuva saldığı, Allahdan uzaq olan köksdür.
Nəfəs almağın ağırlaşdığı, ruhun rahatlıq tapa bilmədiyi köksdür.

Bütün aləm, bütün kainat Rəbbə daha çox yaxınlaşmaq arzusundadır.

Sən demə kainat da Rəbbi üçün zikrlər edir, genişlənir, böyüyür.

Sevgimiz, hisslərimiz və dualarımız- hər şey kainatın genişlənməsinə təsir edir.

Kainat genişlənir, yəni zaman məkansızdır, sabit deyil. Əgər elə olmasaydı, genişlənməsəydi, o zaman sığınmağa, ya da gizlənməyə bir yerimiz olardı, amma genişlənir deyə heç yerə sığınmaq mümkün deyil, yalnız Allaha sığınmalıyıq.

Kainat genişləndikcə nə demək istəyir, ey dost?

Bu sual ətrafında təfəkkürə dəvət edirik səni!

“Qurandan məktub var-5!”

“Mallahrını Allah yollunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimdə üçün bunu qat-qat artırır. Allah lütfü geniş olandır, hər şeyi biləndir.” (Bəqərə, 261)

İnsana 1 ayədən 2 dərs : Yaxşılıq zənciri və buğda olmaq.
Sünbül, toxum və yaxşılıq!
Sünbül gizli simvol kimi mesajlar ötürür. Allahın yaratdığı hər zərrə bir mesajdır. Hər şey sanki bizə insan olmağın sirlərini öyrədir.
Sünbülün olması üçün mütləq toxum lazımdır. Bəs toxum nədir ki, sünbülün yetişməsində mahiyyət kəsb edir?
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxum zərər görsə bitki inkişaf etməz.
Hər toxum xaricdən küləkdən, şaxtadan qorunmaq üçün qabıqla örtülür.
Sünbülün yetişməsində toxum rol oynadı, amma torpağın altında qaldı, sünbülün boy atmasına təkan verdi.
Təmənnasız olaraq özündən ona pay verən toxum…
Ayədə keçən toxum – “habbe” sözü hubb “sevmək” sözündən törəmişdir. Torpaq toxumu sevir, bağrına basır və onu artırır. Bizim yaxşılıqlarımız da belədir. Səmimiyyətlə verdiyimiz bir sədəqə, sevgi ilə gördüyümüz gözəl iş, dediyimiz xoş bir söz.
Düşünək… Allah Quran vasitəsi ilə bizə nə deyir?  Sən Allah yolunda sevgi ilə, səmimiyyətlə bircə yaxşılıq et , Allah onu qat-qat çoxu ilə mükafatlandırsın. Deməli, malından infaq edərkən ( xərcləyən) şəxsin niyyətindəki səmimiyyət ilə ilahi qüvvənin müdaxiləsi həmin 1 toxumun bərəkətini artıracaq, yayacaq və mənəvi qazancını çoxaldacaqdır.
Allah deyir ” Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir” əvvəldə qeyd olunduğu kimi “toxum” yeddi sünbül verdi. Balaca bir toxumdan 7 sünbül yarandı və bu sünbüllərin hər birində 100 ədəd dən vardır.
Bu misal sanki təmmənnasız yaxşılığın böyüyüb bərəkətli bir nemətə dönüşməsidir.
Allah sünbülü misal çəkərək sədəqə verənlərin mükafatını açıqlayır.
“Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi əhatə edəndir, biləndir”.
Düşünün ki, torpağa bir toxum(buğda) əkirsiniz. Bir il ərzində o toxum kök salır, filizlənir, zamanla yetişib yeddi sünbül verir. Üstəlik, hər sünbüldə düz 100 ədəd dən var. Sizin 1 ədəd toxumunuz 1 il ərzində 700 toxuma çevrilir. Necə də möhtəşəm bərəkətdir, elə deyil ? Allahın bir yaxşılığı 10 qatı ilə dəyərləndirdiyini nəzərə alsaq 7000 etmiş olur. Bir toxum və 7000 nəticə.. və Allah digər ayədə bildirir ki, diləyənə ( arzu edənə) bundan da çoxunu verər.
Ayədəki misaldan yola çıxaraq, xaşxaş və əncir kimi birə onlar, hətta, milyonlar verən toxumlar kimi, hər yaxşılığa milyonlarla mükafat veriləcəyini də başa düşmək olar. “Allah, Vasi’-Alimdir”: Lütfü ilə qat qat çox vermək Allaha çətin deyildir. Və Allah Alimdir, onu müşayiət edən şəxsin niyyətini və nə qədər etdiyini bilir.
Ayə, möminin Allah yolunda xərclərini izah etmək üçün, duyğuları coşduran və həssas bir vicdana dərindən təsir edən parlaq bir təbiət tablosu çəkir: Tarlasının başında becərməyə hazır olan bir adam və əlində sadəcə bir buğda dənəsi var. Onu torpağa əkir, torpaqdan bir kök bitir. Bu kökdən yeddi sünbül yetişir. Hər sünbülün içərisində gizlənmiş dənə vardır. Hətta o bir dənənin də Allahın izni ilə daha çox verməsi də mümkündür. Çünki, Allah Qəyyumdur; onun qullarına olan ikram və ehsanı heç vaxt daralmaz, bitməz və tükənməz. Və mallarını Allah yolunda xərcləyənlərin vəziyyəti, torpaqda belə bir dənə əkən, əvəzində yeddi yüz və ya daha çox taxıl alan bir əkinçinin vəziyyətinə bənzəyir.
Bəs sünbülə dönməyimiz üçün bizim toxumumuz nə olmalıdır? Şübhəsiz ki, bunun tək cavabı Sevgi və Yaxşılıqdır!

4 thoughts on ““Qurandan məktub var-5!”

  1. Tanısan özünü,köçsən cahandan
    yenə bu dünyada yaşayacaqsan.
    Özündən hər kim ki,deyil xəbərdar,
    bir qapıdan girər,birindən çıxar
    (7 Gözəl)N.G
    Allah elminizə bərəkət versin,etdiyiniz hər cəhd sizi Allaha daha da yaxınlaşdırsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir