Dörd günlük unudulmaz rayon səfərindən sonra sevimli komandamızın və xeyriyyəçilərin dəstəyi ilə mərkəzimizdə yenə də mehriban iftar süfrəsi təşkil olundu. Bu gözəl tədbirdə 17 uşaq, 15 ana və 17 könüllü iştirak etdi. Könüllülər peyğəmbərlərin həyatından bəhs edən maraqlı tamaşa səhnələşdirərək əmanətlərə mənəvi zənginlik bəxş etdilər. Analar isə ekoçantalar üzərində keçirilən master-klasda öz bacarıqlarını sınadılar və əl işləri ilə bir-birini ruhlandırdılar. Bundan əlavə, küçədə qurulan iftar süfrəsində yoldan keçən insanlara sevgi və mərhəmətlə yeməklər ikram olundu, dualar paylanıldı. İftar süfrəsindən sonra analara Quran kitabı, uşaqlara isə sevinc dolu hədiyyələr: şirniyyat qutusu, kitab dəsti və səccadə təqdim edildi. Əmanətlərimizə sevgi dolu anlar bəxş edən himayəçilərimizə və bu xeyirxah missiyada daim yanımızda olan “Cığır” ailəsinə dərin təşəkkürümüzü bildiririk!
