Dəyərə dəyər verən təşəkkür məktubu.

Dəyərə dəyər verən təşəkkür məktubu.

15 yanvar 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin və “Cığır” MDİD İctimai Birliyinin əməkdaşlığı ilə “Kitab bağı” sosial sahibkarlıq kafesinin açılışı həyata keçirildi. Bu müvəffəqiyyətə qədərki yolda keçdiyimiz mərhələlərdə əməyi olanlara təşəkkürümüzü bildirməyi özümüzə borc bilirik.

Sosial sahibkarlıq sahəsində atılan böyük addımların başlanğıcı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olan “Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər” layihəsiylə atıldı. Layihənin ideyası Azərbaycanda sosial sahibkarlığın elmi əsaslarının təşəkkülünə dəstək olaraq bu sahədəki mövcud vəziyyəti təhlil etmək, əldə olunan nəticələri təcrübədən keçirərək bu sahədə təbliğatçı missiyasını üstlənib həm investorları, həm də sosial sahibkarlıq fəaliyyətində maraqları olan qadınları, gəncləri motivasiya etmək, cəmiyyətdə sosial sahibkarlığın təbliğinə təşəbbüsləri artırmaq oldu. Bu layihədə Birliyin tərkibində bir çox sosial sahibkarlıq layihələri (“Mülk” ilk sosial sahibkarlıq mağazası, “Maidə tekstil”, “Amber soap”, “Rəngahəng” vitraj, “Perspektiv” ekoçanta, “Zəhmətsevər”) dirçəldi və hal-hazırda neçə həssas qrupdan olan qadın və gənclərin çalışdığı aktiv layihələr olaraq fəaliyyətini davam etdirir. Həmçinin “Kitab bağı” “Bağbanın bağçası” sosial sahibkarlıq müəssisələrinin təməli quruldu. Bu təşəbbüslərin uğurla həyata keçirilməsində birbaşa rol oynayan layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, xüsusən Agentliyin icraçı direktoru Aygün Əliyevaya, əməkdaşları Elnur Bağırlı, Fuad Rzazadə və layihə kuratoru Natiq Lahıcova dərin təşəkkürümüzü bildiririk.

Layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin nümayəndələri Adil Abdullayev, Rəşidə Abdullayeva,  Taleh Hüseynli ilə görüş keçirildi və yeni sosial sahibkarlıq müəssisəsinin yaradılması üçün təkliflər verildi.

Layihə çərçivəsində keçirilən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin ictimai birliklərlə olan görüşü böyük əhəmiyyət kəsb etdi. Belə ki, Birliyin sosial sahibkarlıq müəssisələri ilə bağlı təkliflərinin müsbət dəyərləndirilməsi və görüşdə aparılan müzakirələr layihənin ideyasına və həyata keçirmək üçün təşəbbüsümüzə böyük təkan oldu. Və bir müddət sonra Birliyin nəzdində “Kitab bağı” sosial sahibkarlıq müəssisəsinin yaradılması üçün proqram hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Sosial Müəssisələr” layihəsinə qoşulduq. Beləliklə, sosial sahibkarlıq kafesinin təchizatı üçün zəruri avadanlıqların təmininə dəstək olunacağı bildirildi.

Bununla yanaşı, layihə çərçivəsində “İnternat Məzunlarının Sosial İnteqrasiyası”  İctimai Birliyinin sədri Araz Əhmədov ilə görüş keçirildi. Araz bəy sosial sahibkarlığın ictimaiyyətə təbliği üçün keçirdiyimiz layihənin “Sosial bazar” adında keçirilməsini tövsiyə etdi və indiyə qədər davamlı olaraq Bakının müxtəlif rayonlarının məhəllələrində keçirilən “Sosial bazar” çox sayda insana sosial sahibkarlığın təbliğ olunmasında böyük töfhə verdi. Araz bəyə dəyərli təklifləri və layihəmizə verdiyi töhfə üçün təşəkkür edirik.

Sevindirici haldır ki, 2023-cü ildə Dövlət Məşğulluq Agentliyində “Sosial sahibkarlıq haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin işlənilməsi üzrə yaradılmış işçi qrupuna daxil olunduq və  sosial sahibkarlıq haqqında qanunvericiliyin hazırlanması istiqamətində görüşlərin iştirakçısı olduq.

Yenidən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində “Sosial sahibkarlıq təşəbbüsləri” adlı layihəmiz dəyərləndirildi. Layihədə sosial sahibkarlığın daha geniş ictimaiyyətə çatdırılması üçün “Qutabdan Kitaba” adlı sosial bazarlar keçirildi və dul qadınların cəlb olunması üçün maarifləndirici təlimlər, qrup terapiyaları təşkil olundu. “Qutabdan Kitaba” adlı sosial bazar həssas qrupdan olan qadınların məşğulluğuna dəstək olmaqla və sosial sahibkarlığın Bakının müxtəlif ərazilərində əhaliyə təbliği ilə bərabər, ata himayəsindən məhrum olmuş abituriyentlərin təhsilinə dəstək verməklə böyük sosial fayda verdi. Agentliyə sosial sahibkarlığa verdiyi dəyərə və bu istiqamətdə keçirdiyimiz layihələrə yaxından dəstək olduğuna görə, həmçinin Agentliyin əməkdaşlarına və xüsusən layihə kuratoru Nilufər Əhmədovaya layihənin gedişatında göstərdikləri əməyə görə dərin təşəkkürümüzü bildiririk. “Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı təmin edərək, layihənin davamlılığına və nəticədə “Kitab bağı” sosial sahibkarlıq müəssisəsinin yaranmasına şərait yaratdığınız kimi inanırıq ki, “Qutabdan Kitaba” layihəsinin də davamlılığının və təkmilləşməsinin təmini üçün Bakı İcra Hakimiyyəti ilə əməkdaşlığa körpü olacaqsınız. Çünki, ictimai birlik olaraq qrant müsabiqələrinə layihə təkliflərində əhəmiyyət verdiyimiz əsas məsələ davamlı olacaq bir layihənin təməlini qoymaq və qrant müddəti bitdikdən sonra həmin layihəni təkmilləşdirmək və faydalılığının davamlılığını təmin etməkdir.

Və nəhayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Birliyin heyəti və könüllülərinin iştirakı ilə qeyd etdiyimiz layihələrdə yetişən, maariflənən, təcrübə toplayan həssas qrupdan olan gənclərin və qadınların faydalandığı və eləcə də fəaliyyətləri ilə sosial fayda verdikləri “Kitab bağı” sosial sahibkarlıq kafesinin açılışı baş tutdu.

Dövlət Məşğulluq Agentliyinin “Sosial müəssisələr” layihəsi çərçivəsində dəstək alan “Kitab Bağı”nın açılışında Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Layihələrin idarə olunması şöbəsinin müdiri Taleh Hüseynli, həmin şöbənin əməkdaşı Rəhim Abduləliyev, Media və informasiya təminatı şöbəsinin əməkdaşları Maya Novruzova və Zahid Qurbanov iştirak etdilər. “Cığır” MDİD İB-nin təsisçisi Yeganə Mirzəyeva qonaqları Birliyimizin nəzdində fəaliyyət göstərən sosial sahibkarlıq layihələri və müəssisələri ilə tanış etdi. Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Hasil Abbasov öz dəyərli tövsiyələrini, şəxsi təcrübələrini heyətlə bölüşdü.

Sosial sahibkarlıq kafesinin ərsəyə gəlməsində,  zəruri avadanlıqlarla təminində göstərilən xidmətlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xüsusən Dövlət Məşğulluq Agentliyinə xüsusi təşəkkürümüzü bildiririk.

Bu müvəffəqiyyət yolunda həssas təbəqədən olan insanları cəmiyyətə sağlam şəkildə qazandırmaq, dirçəltmək üçün öz vəzifəsini məsuliyyətlə və vicdanla yerinə yetirən Dövlət və Qeyri-Hökumət Təşkilatı nümayəndələrinin, çox sayda könüllülərin əvəzsiz xidməti bizi uğurlu nəticəyə gətirmişdir. Bu səbəbdən qazanılan bu nailiyyəti hər birimizin müvəffəqiyyəti sayırıq.

Qeyd: Məktub olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Məşğulluq Agentliyinə göndərilib