“Cığır” MDİD İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən Zəngilan rayonu 21 nömrəli tam orta məktəbdə “Sən də fidanınla yaşat Şəhid adını” layihəsi çərçivəsində ağacəkmə aksiyası həyata keçirildi. Küləkli hava şəraitinə baxmayaraq, məktəbin şagirdləri və “Cığır” İB-nin könüllüləri böyük sevgi və yüksək ruhla aksiya zamanı fəal iştirak etdilər. Məktəbin həyətində bizi gülərüz rəhbərlik və şagird kollektivi qarşıladı. “Cığır” İB-nin təsisçisi -filologiya üzrə fəlsəfə elmləri doktoru Yeganə Mirzəyeva ağac əkməyin əhəmiyyəti və faydaları haqqında ətraflı məlumat verdi. Daha sonra fidanlar əkildi və məktəbin həyətinə həyat bəxş edən gözəl bir mənzərə yaradıldı. Zəngilan rayonu 21 nömrəli tam orta məktəbin rəhbərliyinə və kollektivinə layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə “Cığır” İctimai Birliyi adından dərin təşəkkürümüzü bildiririk. Bizi səmimi şəkildə qarşıladıqları, yaradılan şərait və göstərdikləri diqqət üçün minnətdarıq! Xüsusilə, məktəbin mehriban kollektivini qeyd etməyi vacib sayırıq. Onlar qəlbimizi fəth etdilər. Belə fərqli auraya və isti ailə ortamına malik bir məktəblə tanış olduğumuz üçün çox sevindik. Səmimi qəbula və əməkdaşlığa görə məktəbin direktoru Sona xanıma və bütün kollektivə təşəkkür edirik!
