2 iyun 2025-ci ildə “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin açılışı Bakı Türk Liseyində keçirildi.

2 iyun 2025-ci ildə “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin açılışı Bakı Türk Liseyində keçirildi.

2 iyun 2025-ci il tarixində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalib olan “Qiraət mədəniyyətinin formalaşdırılması” layihəsinin rəsmi açılış tədbiri “Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyi”ndə böyük coşqu ilə keçirildi. Tədbir “Cığır” İctimai Birliyinin sosial və mədəni layihələrini əks etdirən videoçarxla başladı. Gənc memar -Elbəyin Nizami Gəncəviyə ithaf etdiyi poetik kompozisiya, ardınca layihənin aparıcısının fəlsəfi təqdimatı ilə tədbir ruhlandırıcı notlarla davam etdi. “Cığır” MDİD İB-nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva qiraət mədəniyyətinin insan tərbiyəsindəki rolunu vurğuladı: “Oxumaq – insanın özünü tanımasının ən nəcib yoludur.” Türkiyə səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık İslamda “Oxu” əmrinin əhəmiyyətini qeyd edərək layihəyə dəstəyini bildirdi. Milli Məclisin deputatı Razi Nurullayev çıxışında qiraət mədəniyyətinin cəmiyyətin mənəvi inkişafındakı yerini xüsusi vurğuladı: “Bu layihələr vasitəsilə biliklə yanaşı mənəviyyat da aşılanır.” Digər qonaqlar – təhsil və mədəniyyət nümayəndələri də “Qiraət” təşəbbüsünü yüksək dəyərləndirərək, kitab sevgisinin ailədən və məktəbdən başlayaraq bu cür layihələrlə gücləndiyini bildirdilər. Təqdimatın davamında “Kitab ətri” layihəsinin 10 illik fəaliyyətinə baxış, əvvəlki qaliblərin çıxışları, “Salam Yurdu” şagirdlərindən “Balaca Şahzadə” səhnəciyi və layihə rəhbəri Günel Babayevanın çıxışı yer aldı. Günün sonunda iştirakçılara “Söz” hədiyyəsi təqdim olundu, layihənin isə yalnız oxumağa deyil, düşünməyə və dəyişməyə ilham verdiyi vurğulandı. “Cığır” İB layihəyə dəstəyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə göstərdiyi dəstək üçün “Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyi”nə və bütün iştirakçılara təşəkkürünü bildirdi.