Rəhmətdən Məktub var!
Biz də göyün qapılarını leysan yağışı ilə açdıq.
Qəmər-11
Ramazanın son günü Məktub var komandası olaraq sizin təfəkkürünüzün qapılarını açıb leysan yağışı olmağa gəldik.
Ramazan sözünün hərfi mənasından biri leysandır.
Ramazanla leysanın əlaqəsinə baxaq.
Leysan yağışı zamanı qara buludlar yüklənir və ani olaraq qüvvətli yağmağa başlayır, tez bir vaxtda bitir.
11 ay ərzində biz qida ilə, dünya dərdləri ilə, səhvlərlə, günahlarla, sıxıntılarla yüklənirik. Ramazan isə 1 ay ərzində ömrümüzə yağış olur, ruhumuzu, cismimizi təmizləyir, paklandırır, bərəkətləndirir
Ramazanın leysanı Qədrdir. Qədrdə Allahın ayələri ilə aydınlanırıq, qəlbimiz İlahinin sözləri ilə dolur, təfəkkürə vəsilə olur.
Yağış – Rəhmət, Bərəkət, Ruzi, Hikmət, Salam, Dua…
Yağış insanın varlığının və yaşamasının səbəbi olan ilahi bir rəhmətdir.
Rəhmət- rəhm etmək, əsirgəməmək, qorumaq, əfv etmək, xeyir, yaxşılıq, ehsan, qəlb incəliyi, nemət vermək kimi mənalarda işlədilir.
Yağış Allahın rəhmətini insanlara maddi və mənəvi nemət şəklində hiss etdirir.
Yağışın yaranma prosesinə nəzər salaq.
İlk öncə buludları araşdıraq.
Buludlar nədən yaranır və necə olur ki göydən su tökülür?
Bu proses günəşin yeri qızdırması ilə başlayır. Bu zaman sular buxarlanır və buxar yüngül olduğu üçün havaya qalxır. Soyuq hava kütlələrinin təsiri ilə buxar soyuyur və buluda çevrilir.
Yağış necə yaranır?
Buludda suyun sıxlığı artarsa bulud ağırlaşır, sıxlığı daşıya bilmir və su maye şəklində yer səthinə enir.
Hər sıxıntıdan sonra mütləq bir genişlik var! Bulud sıxılır, sıxılır, yüklənir və sonra yağış yaranır, bu yağış isə rəhmətə vəsilə olur.
Bizim yağış dediyimiz hadisə, qar, yağış,leysan, dolu, çis şəklində olur
Yağan yağışların intensivliyi çox olarsa leysan adlanır. Leysan təbiəti oyadır, canlıları oyadır.
Yağıntının baş verməsi üçün əsas şərt ətraf mühitdə su buxarının (rütubətin) və küləyin olmasıdır.
Küləklər mərhəmət gətirir, müjdəçi kimi təqdim olunur. Müjdə küləyin ardından gələn rəhmət yəni yağışdır. Yağışın gəlişi bolluq, bərəkət, həyat, canlılıq, hərəkətlilik gətirir.
Yağış insanların zehinlərinə xitab edərək onları qəflət yuxusundan oyandıran,doğru yola yönəldən mənəvi rəhmət qaynağıdır.
Yağış bizə düşünməyi, müşahidə etməyi, təfəkkürü vurğulayır.
Yağış ölü torpağı canlandıraraq üzərində hər cür bitki yetişdirdiyi kimi, mən’ən biz insanların da ağıl və qəlbini canlandırır.
Yağış bizə daima təzələnməyi, yenilənməyi öyrədir. Yenilənmək isə paylaşmaqla olur.
Ramazan paylaşmaqdır.
Sıxıntılarımızı rəhmət damcılarına çevirib qəlblərə yeni ruh, yeni can vermək duası ilə xoş Ramazanlar.