Şəhid Azər Şəmilov

Şəhid Azər Şəmilov

Tarixən itirilmiş torpaqlarımızın işğaldan azad olunması üçün baş
verən Qarabağ müharibəsi millətimizin yaddaşına yeni səhifələr yazdı.
Bu səhifələr yalnız haqq və ədalət misraları ilə bəzəndi.
Qələm tutaraq bu misraların birinə öz adını yazdıran şəhid Azər
Şəmilovun ailəsinə ziyarətə yollandıq.
‌ Bərdənin qonaqpərvər, mehriban sakinləri var- şəhidimizin ailəsi
kimi. Çöhrəsində xoş təbəssüm ilə bizi salamladılar.
‌Şəmilovdan bizə əmanət qalan ailəsindən şəhidimizi bizə
tanıtmaqlarını xahiş etdik.

1971- ci ildə dünyaya göz açan Azər ixtisasına görə həkimlik peşəsinə
yiyələnir. Ancaq həkim olmasına baxmayaraq, Vətəninə qəlbdən bağlanır.
Çox keçmir ki, öz hünərini, rəşadət və şüacətini gənc yaşında baş
verən l Qarabağ müharibəsində göstərir.
Şəhidin xatirə rəsmlərinə baxaraq gözümüzün  önündə canladırırdıq Uca
Allahın ona cızdığı həyat cığırını.
O dövrlərin qızğın, şiddətli döyüşlərini görmüş Azərin simasında
zəhmətkeşlik, lakin bununla bərabər bir əzəmət əks olunurdu.
Elə xanımı da Azərin gözəl ailə başçısı, övladlarını çox sevən,
qayğıkeş ata olduğunu vurğulayırdı. “Şəhidimizin fədakarlığını isə
sözlərlə ifadə edə bilmərəm”- deyirdi mehriban xasiyyətli xanımı.
Şahidlik məqamı hər kəsə lütf olmur,Azər Şəmilov oktyabrın 14-də
Talış döyüşlərində bu lütfə layiq olur.

Şəhidin ailə üzvləri ilə tanışlığımız bizə çox ülvi hisslər yaşatdı.
Qəhrəmanımızın həyat yoldaşı Səidə xanım kimya-biologiya müəllimidir.
Vətənə olan borcunu şagirdlərə verdiyi bilik ilə ödəyən Səidə xanımın
duruşu, hadisələrə olan baxışı bizi riqqətə gətirdi. Vətən fədakarının
bizə əmanət etdiyi iki övladı var. Sabahımızın ziyalı gəncləri olan
şəhid övladlarının ataları haqqında xatirələri hər birimizi
kədərləndirsə də, bir o qədər qürur dolu duyğular hopdurdu könül
evimizə.

Qəhrəman Azərin evi, sözün əsl mənasında haqq qoxusu, əmanət istiliyi
ilə bütünləşmiş mərhəmət mənzilinə bənzəyirdi, o mənzil ki ora hər
dəfə ayaq basdıqda şahidliyin gözəlliyini hiss edəcək və deyəcəyik:
“Onlarla bədənə can verən Azər, şəhidlik zirvəsinə ucalmaqla minlərlə
ruha yeni azad bir nəfəs verdin. Bu azad nəfəsi sonsuzadək yaşatmağa
sənə və bütün şəhidlərə söz verir, borcumuz bilirik”.