“Qurandan məktub var-4”

“Qurandan məktub var-4”

“Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.” (İbrahim, 24)

Allah-təala bəzi mənəvi və təbiətüstü həqiqətləri anlatmaq üçün Quranın bir çox ayələrində təmsil yolundan istifadə etmişdir. Təmsil üçün istifadə olunan varlıqlardan biri də ağacdır.
Bu mübarək ayədə kəlimələr möhkəm kökü olan sağlam, bol meyvəli, yarpaqlı ağaca bənzədilmişdir ki, budaqları səmaya doğru ucalıb, bar vermə fəsli çatdıqda meyvələrinin bolluğu hər görənin diqqətini cəlb edib heyrətə gətirir.
Söz və ağac.. Bəşər qəlbinin dərinliklərində kök salan söz. Müqəddəs kitabın 26-cı ayəsində isə “pis kəlimə” “pis ağac”a bənzədilir – Sabit kökü olmayan, şər və zərərdən başqa bir bar verməyən, yerdən qopardılmış və əsla dayanıqlığı olmayan..
Söz – nədir?
İncilin giriş kəlməsi: “Başlanğıcda söz vardı. Söz tanrı ilə birlikdə idi və söz tanrı idi. Belə ki, dünyada daha heçnə yox ikən, Allah “ol” – “kun” demiş və külli aləm yaranmışdır. Yəni “Hərşeyin başı əslində Allahın tək bir sözüdür”. Elə dünya həyatının başlanğıcı da Adəmin Cənnətdə həyat ağacına toxunması ilə başlamamışdırmı?
Söz niyə məhz ağaca bənzədilir?
Ağaclar, gözəl görünüşləri, bənzərsiz növləri, müxtəlif rəngləri, sərinlikverici kölgələri ilə insanlara zövq verəcək şəkildə Kitabda təsvir olunur. Allahın “boyları bir-biriylə yarışan və sıx ağaclı bağçalar” (Əbəsə surəsi, 30) adlandırdığı nemətlər cənnətə məxsus üstün xüsusiyyətlərlə yaradılmışdır.
Kök nədir?
Kökün əsas vəzifələrindən biri bitkini torpağa bərkitmək, torpaqdakı suyu, mineral maddələri sormaq, ehtiyat qida maddələrini toplamaq, üzvi və çoxalma prosesini tənzimləməkdir. O ağacın böyüməsinə, onun boy atmasına təkan verir.
Sözün də kökü düşüncələrimizdir. Söz düşüncələrimizin təzahürüdür. Söz bizim özümüzdür. Sözlərimiz köklərdən qidalanır – düşüncələrimiz, fikirlərimizdən… Gözəl düşüncələrdən qidalanan söz möhkəm quruluşa sahib olacaq, daha sonra o söz gözəl bir ağac kimi göylərə yüksələcək, enerjisi ilə qəlblərdə “bar verəcək”.

Bəs bizim kökümüz necə olmalıdır ki, biz ağac olaq?
Ağacların ən böyük özəlliyi onların məhz göbələklərin “yardımı” ilə bir-biri ilə bağlantı qurması, bir-birlərinə lazımi maddələri ötürməsidir. İnsanlar da ünsiyyət üçün sözü seçir, daxilindəki böyük enerjini, sevgini digərinə ötürür və hər bir söz bir insanın ruhuna dad verir, insanlar sözləri ilə birinin qəlbinə kök salır, düşündürür, hətta sözləri ilə dünyanı “oksigenləşdirir”, həyat verirlər.
Bizim kökümüz bizim sözlərimizlə ya boy atacaq ya da quruyacaq.
Xoş və haqq söz ağac kimi insanlığın ruhuna yeni nəfəs verəcək. Ağac böyüdükcə budaqları baş qaldırar. Budaqlarından meyvələr, yarpaqlar açar.
Biz də sözlərimizlə qəlblərdə meyvələr yetişdirərək onun bəhrəsindən bütün insanlığı faydalandıran, kökləri Kitaba bağlanan ağac və söz olmalıyıq. Budaqlarımız isə dəvətimizə cavab verən yeni təfəkkürlü nəsil olacaq.
Herman Hesse-nin yazdığı kimi:
“Ağacların ən hündür başında dünya xışıldayır, onların kökü sonsuzluqda yatır; amma onlar özlərini burada itirmirlər, həyatlarının bütün gücü ilə nə uğrundasa mübarizə aparırlar: özlərini öz qaydalarına uyğun tamamlamaq, öz formalarını qurmaq, özlərini təmsil etmək üçün… Gözəl və güclü ağacdan daha mükəmməl nümunə ola bilməz.”

11 thoughts on ““Qurandan məktub var-4”

  1. İbrahim surəsində 24ü ayəni çox sevirəm Rəbbim ətrafımızı gözəl düşünən, gözəlliyə dəvət edən və gözəl sözlü insanlarla zənginləşdirsin inşhallah.

  2. Sözün qüdrəti,yaydığı enerji dalğası danılmazdır.Söz məna ilə qiymətlənir.Hərflər sözün cismi,məna isə canıdır.Söz duadır.Yasadığınız duyğuları gözəl sözlə ətrafa yayaraq,daim Haqqa çağırasınız

Leave a Reply