Birliyimizin “Elm Ümmandır” TTP-ı Bakı və regionlarda yaşayan, valideynlərindən birini və ya hər ikisini itirmiş abituriyent gənclərin ali təhsil yolunda dəstəklənməsini, onların təhsilə əlçatanlığının artırılmasını və gələcəyə inamla addımlamalarını hədəfləyir. Proqramın seçim mərhələlərindən biri olan “Mənim Məqsədim” layihəsi çərçivəsində oğlan abituriyentlərlə üç günlük inkişaf proqramı təşkil olunub.
İlk gün iştirakçılar “Cığır” MDİD İB-nin fəaliyyəti, həyata keçirdiyi sosial və təhsil layihələri ilə yaxından tanış oldular. Onlar bu layihələrin arxasında dayanan fədakarlığı, məsuliyyəti və xidmət ruhunu yaxından müşahidə etdilər. Layihənin ən yaddaqalan hissələrindən biri isə “Qutabdan Kitaba” sosial bazarında iştirak etmələri oldu. Gənclər qutabların hazırlanmasında, satışında və təşviqində birbaşa iştirak edərək halal zəhmətin, komanda işinin və sosial məsuliyyətin əsl dəyərini öz təcrübələri ilə hiss etdilər. Onlar gördülər ki, bir kitabın, bir təhsil imkanının arxasında neçə-neçə insanın əməyi, zəhməti və xeyirxahlığı dayanır.
Layihənin növbəti mərhələsi Samur Yalama Milli Parkında davam etdi. Təbiətin qoynunda təşkil olunan təlim və inkişaf proqramları gənclərin həm düşüncə dünyasını zənginləşdirdi, həm də onların özlərini daha yaxından tanımalarına şərait yaratdı. Proqram çərçivəsində BDU Şərqşünaslıq fakültəsinin İslamşünaslıq ETM-nin aparıcı elmi işçisi, fil. ü. f. d. Yeganə Mirzəyevanın keçirdiyi təlimlər, Birliyin Starteji təhlil və planlaşdırma departamentinin rəhbəri, ADMİU-nun müəllimi Elbəy Əliyevin təşkil etdiyi vorkşoplar və psixoloq Murad Akifsoy tərəfindən həyata keçirilən qrup terapiyası iştirakçıların məqsəd müəyyənləşdirmə, şəxsi inkişaf, ünsiyyət və həyat bacarıqları istiqamətində dəyərli təcrübələr qazanmalarına töhfə verdi.
İnanırıq ki, bu üç gün ərzində qazanılan biliklər, formalaşan dostluqlar və yaşanan təcrübələr gənclərimizin həyatında uzun illər iz buraxacaq, onları yalnız uğurlu tələbə deyil, eyni zamanda cəmiyyətinə faydalı, vicdanlı və məsuliyyətli insanlar olmağa ruhlandıracaq. Bu proqramın həyata keçirilməsinə dəstək olan bütün xeyriysevərlərə, təlimçilərimizə, psixoloqlarımıza, eləcə də könüllülərimizə təşəkkür edirik.














